Vətən müharibəsinin 3729 qazisi əlillik üçün müraciət edib, onlardan 457 nəfərə imtina verilib.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.
Hesabatda qeyd edilib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi şərtlər tətbiq edilib və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli qərarı ilə xüsusi komissiya yaradılıb.
Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planına uyğun olaraq xəsarət almış hərbi qulluqçular aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qruplar tərəfindən yerində (evində, xəstəxanada və s.) müayinə edilir, foto və video çəkilişlər aparılır, müayinə nəticələrinə dair kollegial qərar əsasında protokol tərtib edilir.
Vətən müharibəsində yaralanmış hərbçilərə əlillik təyin edilərkən əsas sənəd kimi Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası tərəfindən verilən xəstəlik haqqında şəhadətnamə istifadə edilir.
Ötən dövr ərzində 6013 yaralanmış hərbçi evində və ya xəstəxanada ziyarət edilib, onların əksəriyyəti üzrə xəsarətlər foto və videoçəkilişlərlə qeyd olunaraq aktlaşdırılıb, geridönməz hallar (amputasiya və s.) üzrə xüsusi siyahı Müdafiə Nazirliyinin hərbi-həkim komissiyasına təqdim edilib və şəhadətləndirilmələri üzrə işlər aparılıb. Şəhadətləndirilən 3729 nəfərdən 2515 nəfərə əlillik təyinatı aparılıb, 457 nəfərə imtina verilib, ətrafları amputasiya olunmuş 191 nəfərin protez ehtiyacları müəyyənləşdirilib, 184 nəfər (193 ədəd) yüksək texnologiyalı protezlə təmin edilib və 3 nəfərin yüksək texnologiyalı protezlərlə təminatı məqsədilə ölçülər götürülüb.






