Putin ilə İlham Əliyev arasında baş tutan telefon danışığında çox güman ki, prezidentin İran səfərinin detalları müzakirə olunub.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri rəhbərlər arasındakı fikir mübadiləsinin bəzi detallarını açıqlayıb:
“Əminəm ki, bir çox məsələlər müzakirə olunub. Xəzərin statusu məsələsi hazırda Rusiyanın maraqları içərisindədir. Çox güman ki, Putin Xəzərdə neft və qaz yataqlarının Rusiya ilə birgə işlənməsi barədə Bakının hazırkı mövqeyi ilə maraqlanıb. Suriya məsələsinə gəldikdə isə rəsmi Bakı İranda ABŞ-Rusiya arasındakı razılığı dəstəklədiyini bildirib. Əminəm ki, Putinlə Əliyev arasındakı danışıqda bu səfərin detalları da müzakirə edilib. Üçüncü ən mühüm məsələ isə bölgənin təhlükəsizliyi ilə bağlıdır. Bu kontekstdə Rusiyanın Ermənistana xeyli miqdarda silah göndərməsi ilə bağlı Azərbaycan tərəfinin narahatlığı Putinin diqqətinə çatdırılıb. Rusiyanın Ermənistana silah göndərməsi daha çox bağışlama xarakteri daşıyır və bunun miqdarı göstərilən rəsmi rəqəmlərlə məhdudlaşmır. Ermənistanın sürətlə hərbiləşdirilməsi Dağlıq Qarabağın da hərbiləşdirilməsi deməkdir. Çünki göndərilən elə ağır tipli silahlar var ki, sırf Qarabağ müharibəsi üçün nəzərdə tutulub”.
Qeyd edək ki, fevralın 25-i və 26-da Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Söhbət zamanı ticari-iqtisadi əməkdaşlıq, o cümlədən beynəlxalq aktual məsələlər müzakirə olunub. Tərəflər Suriya probleminin tənzimlənməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.




