Samir Əliyev: “Bunun kökündə Rusiya amili də var”
Bir neçə aydır ki, ölkənin daşınmaz əmlak bazarında durğunluq yaşanır. Ev alqı-satqı mərkəzlərindən verilən məlumata görə, ev alanların sayında kəskin azalma var. Əmlak bazarında baş verən qəfil durğunluğun yaranmasının səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəzi iqtisadçılar bunun Rusiya amili ilə bağlı olduğunu desələr də, bəziləri mövsümlə əlaqələndirirlər.
İqtisadçı ekspert Samir Əliyev yaşanan kəskin durğunluğun həm neftin qiymətinin ucuzlaşması, həm də Rusiya amili ilə bağlı olduğunu deyir: “Artıq 2-3 ay olar ki, əmlak bazarında bir durğunluq yaşanır. Bunun kökündə Rusiya amili var. Rusiyada vəziyyətin pisləşməsi bizdə əmlak bazarına təsir göstərir. Çünki faktiki olaraq əmlak alan insanlar ya hansısa qeyri-rəsmi yolla pul qazanan məmurlardır, ya da ki, Rusiyada biznes vasitəsilə pul qazananlar. Azərbaycanda az sayda insan var ki, onlar birbaşa pul qoyub nəsə ala bilirlər. Yəni əksər vətəndaşlar kreditə, ipotekaya üz tuturlar. İpotekanın vəziyyəti də hər kəsə məlumdur. Durğunluğun bir səbəbi də neftin dünya bazarında ucuzlaşması ilə əlaqədardır. Neftin ucuzlaşması əmlak bazarında da qiymətləri kəskin ucuzlaşdırır.
Biz bunu 2009-cu ildəki iqtisadi böhran zamanı müşahidə etdik. Bir qayda olaraq proseslər göstərdi ki, dövlət pullarının, yəni nisyə xərclərinin artması əmlak bazarına həmişə təsir göstərir. Ona görə də həm dünya bazarında, həm də Rusiyada gedən proseslər bu gün əmlak bazarına təsir göstərir. Amma birmənalı da demək olmaz ki, əmlak bazarında qiymətlər düşüb. Çünki əmlak bazarının özü də genişdir. Burada söhbət təkrar, ilkin bazardan, eyni zamanda bahalı, ucuz evlərdən gedir. Hazırda daha çox bahalı evlərin ucuzlaşması prosesi gedir, nəinki insanlar üçün əl çatan olan 40-50 min manatlıq evlərin ucuzlaşması. Ucuzlaşma ancaq 100 min manatlıq evlərin qiymətində gedir”.
İqtisadçı deyir ki, durğunluqdan əvvəl əmlak bazarına xüsusi bir axın yaranmışdı. Bu da Rusiyada yaşayan vətəndaşlarımızın əksəriyyətinin öz biznesini sataraq Azərbaycana dönmələri ilə əlaqədar idi: “Son bir ildə əmlak bazarında birdən-birə artım, axın yaranmışdı. Bunun da əsas səbəblərindən biri insanların əmanət bazarından qaçması idi. Daha dəqiq desək, əmanət qoyuluşunda kifayət qədər azalma baş vermişdi. Söhbət banklara inamsızlıqdan getmir. Səbəb əmanətlərin sığortalanması fondu tərəfindən sığortlalanma faizinin aşağı salınması idi. Bu da insanlara sərf etmir. Tutaq ki, 9 faizdən əmanət qoymaq kimə sərf edər?! Üstəlik, bəzi bankların bağlanması ilə bağlı qərar var idi və bu insanlarda narahatlıq yaradırdı. Bəziləri pullarını çəkir, bəziləri də pulunu əmlak bazarına yönəldirdilər. Eyni zamanda buna təsir edən amillərdən biri də Rusiya amilidir. Yəni bu sanksiyalardan əvvəl Rusiya bazarında vəziyyət pisləşmişdi. Artıq soydaşlarımızın əksəriyyəti öz bizneslərini satıb qayıdırdılar Azərbaycana. Onlar təbii ki, regionda vəziyyətin pis olmasını nəzərə alaraq çalışırdılar ki, Bakıda özləri üçün bir gələcək qursunlar. Ona görə də onlar pullarını əmlak bazarına yönəltmişdilər. Buna görə də son bir ildə əmlak bazarına müəyyən axın başlamışdı”.
Maraqlıdır, bəs bu durğunluq nə vaxta kimi davam edəcək?
S.Əliyev bu durğunluğun yalnız iki amil əsasında aradan qalxa biləcəyini dedi: “Neft bizim iqtisadiyyatımızın əsasıdır. Neftin qiyməti ölkə iqtisadiyyatında bütün sahələrə təsir göstərir. O cümlədən nə qədər Rusiyada baş verən proseslərin bizə heç bir təsiri olmadığını desək də, təsiri həm siyasi, həm də iqtisadi baxımdan sezirik. Ona görə də Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycana təsir edir. İqtisadi prosesin normal olması iki amildən asılıdır. Birincisi, dünya bazarında neftin qiymətindən. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80 dollar civarında olarsa, bu, Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək. O cümlədən biz əmlak bazarında da qiymətlərin aşağı düşməsi prosesini görəcəyik. Əgər neft 90 dollardan yuxarı olarsa, 100 dollara satılarsa, o zaman bu durğunluq ötüb keçəcək. İkinci amil isə Rusiya amilidir. Rusiyada vəziyyət nə qədər düzəlməyib, bizdə də əmlak bazarında durğunluq olacaq. Ola bilsin müəyyən bir dövr üçün hətta Rusiyadakı proseslər alıcı bazarında qiymət artımınadək gətirib çıxarsın. Amma əmlak bazarında durğunluq hələ uzun müddət davam edəcək”.
Qeyd edək ki, mənzillərin satışı ilə yanaşı kirayə verilməsində də durğunluq yaşanır. Kirayə verilən mənzilin qiyməti onun təmirli və ya təmirsiz olmasına görə seçilir. Qış aylarında mənzillərin kirayə qiyməti 10-20 faiz aşağı düşür.