Həftənin ən əlamətdar siyasi hadisəsi sözsüz ki, Türkiyədə baş tutacaq parlament seçkiləridir. Doğrudur, FİFA ətrafında baş verən məşhur korrupsiya qalmaqalı da az maraq kəsb etmədi, xüsusən də nəzərə alanda ki, idman və əsasən də futbol azarkeşlərinin sayı siyasət azarkeşlərinin sayından həmişə
çox olub…
Amma Türkiyədəki parlament seçkiləri bizə daha maraqlı göründü. Birincisi, ən azı ona görə ki, seçki ərəfəsindəki ölkədaxili siyasi atmosferə baxanda qeyri-ixtiyari olaraq düşünürsən ki, İlahi, doğrudanmı, onlar da müsəlmandır, biz də müsəlmanınq? Dorudanmı, onlar da türkdür, biz də türkük?..
Bunu əbəs yerə demirəm. Guya ki, bu il bizdə də parlament seçkisi olacaq və biz bu hadisəyə hətta Avropa oyunlarından az önəm verməzdik-idman oyundur, əyləncədir, beş-on gün çəkib bitəcək, amma parlament guya ki, bizi idarə edən bir qurum, hətta deyərdim ki, düşünən beynimizdir!.. Amma kimə deyirsən? Heç bunun fərqində olan varmı?..
Gələk Türkiyənin üzərinə. İkinci səbəb odur ki, bu seçki ölkə üçün çox mühüm siyasi nəticələrə gətirib çıxara bilər. Təbii ki, hər şey prezident Rəcəb Tayyib Ərdoğan deyən kimi olsa. Bəli, hakim partiya ciddi qələbə qazansa, ölkə parlament idarəçiliyindən prezident idarəçiliyinə adlayacaq…
Təbii ki, bu xüsusda çox şey demək olar və demişik. Məsələn, demək olar ki, necə olur ki, İngiltərə kimi daha böyük və daha mürəkkəb ölkə, Almaniya kimi qüdrətli dövlət parlament idarəçiliyilə kifayətlənir, amma Türkiyəyə bu azlıq edir?..
Çox arqument və eyni zamanda kontr – arqument gətirmək mümkündür. Doğrusu, yaşa dolduqca bizim də simpatiyamız prezident respublikası tərəfə sürüşür. Ən azı o səbəbdən ki, parlament idarəçiliyi hökuməti çox siyasiləşdirir- nə vaxt baxırsan, elə hey görürsən ki, bəli, baş nazir Əhməd Davudoğlu mitinqdə çıxış edir və qeyri-ixtiyari olaraq düşünürsən ki, əcəba, o, hökumətin işləri ilə məşğul olmağa vaxt tapırmı?..
Təbii ki, kapitalizm elə şeydir ki, hökumət hamının əvəzinə işləmir, o, yalnız mühüm iqtisadi qərarlar qəbul edir. Amma yenə də hökumət hökumətdir və bu postda olan insanlar daha çox hökumət işlərilə məşğul olmalıdırlar, nəinki siyasətlə…
Beləcə, bir daha deyirik ki, arqumentlərin və kontr-arqumentlərin cərgəsini sıxlaşdırmaq olar. Amma buna ehtiyac yoxdur, çünki son anda seçimi Türkiyə xalqı edəcək, istəsə, parlament respublikası qalacaq, istəməsə, ölkə prezident respublikasına çevriləcək…
Amma bunun üçün hələ seçkini udmaq lazımdır. Müxalifət partiyaları da çox qətiyyətli görünürlər. Təbii ki, hər şey seçkidə bilinəcək. Seçkiyə isə inanmaq olar, ona görə ki, bəzi ölkələrdən fərqli olaraq Türkiydə seçkilər saxtalaşdırılmır…
Hakim partiya nə edib və onun şansı nə qədərdir? Sözsüz ki, partiya kifayət qədər mandat əldə edəcək, amma bu, Ərdoğana öz siyasi planlarını gerçəkləşdirmək üçün lazım gələn qədər olacaqmı? Bax, bunu deyə bilmərik.
Hakim partiya ölkəyə stabillik gətirib. Bəlkə də Türkiyə son illərdə bu beş-on ildə olduğu qədər stabil olmamışdı. Təbii ki, bu stabilliyin iqtisadi göstəricilərdə nə qədər ifadə olunması iqtisad təhlilçilərinin işidir. Amma ölkə inkişaf edir. Bunu demək üçün isə böyük iqtisadçı olmağa ehtiyac yoxdur…
Hakim partiyanın əleyhinə olan iki mühüm siyasi amil var. Birincisi odur ki, bu partiya artıq bir neçə seçkidir ki, məğlubiyyət nə olduğunu bilmir və uzun müddətdir ki, hakimiyyətdədir. Bu amil istər-istəməz seçicini yorur, bəzən o, özünə də aydın olmayan səbəblərdən yenilik istəyir, belə hesab edir ki, artıq bu partiya cəmiyyətə verə biləcəyini verib…
Başqa bir amil odur ki, R.T.Ərdoğan hələ də bütün Türkiyənin prezidenti olmağa tələsmir, o, çox, bəzən də həddindən çox firqəçilik edir. Bəlkə də elə bu da ölkənin siyasi sisteminin özəlliklərilə bağlıdır. Prezidentin əsas strukturunun-hökumətin taleyi hələ ki, parlament seçkilərinin nəticələrindən asılıdır. Bu, elə də əhəmiyyətsiz detal deyil. Hökumətsiz prezident nə edə bilər? Təbii ki, o, yalnız “toy generalı” rolunu oynaya bilər. Ona görə də indi Ərdoğan müəyyən mənada firqəçilik etməyə məhkumdur, çünki o, bu gün daha çox bir firqənin-bir partiyanın prezidentidir…
Elə bu səbəbdən də bu seçki Ərdoğan üçün bir partiya lideri kimi deyil, həm də bir prezident kimi sınaqdır. Ona görə də ona yalnız qələbə lazımdır, özü də adisindən yox, möhtəşəm bir qələbə… O, bunu əldə edə biləcəkmi?..



