Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçika hökumətini “aciz” adlandırıb.
Axar.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüsseldə baş vermiş terrorla bağlı danışıb. Türkiyə prezidenti terrorun bütün dünyanın problemi olduğunu diqqətə çatdırıb:
“Bütün dünyaya səslənirik: Diqqətli olun, yanlış addımlar atırsınız. Biz bunun cəzasını çəkdik. Amma onlar terror təşkilatlarının üzvlərinə çadır qururlar. Nəticə nə oldu? Hər şey göz qabağındadır, heyif terrorda ölən o insanlardan. Biz terrorçuları tutub təhvil verdik, amma onlar azad etdilər. Bax belə aciz hökumətlər indi cəzalarını çəkirlər. Terror sadəcə bir ölkənin deyil, bütün dünyanın problemidir”.
Xatırladaq ki, 22 mart tarixində Brüsseldə 4 partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.




