Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın vasitəçiliyi ilə bağlı xəbərlərin ardından Ankaradan Moskvaya təbrik məktubu göndərilməsi təsadüfi deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Türkiyə liderinin məktubunun mətnini “RİA Novosti” agentliyi yayıb. Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibətilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb. “Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Eləcə də Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram” deyə, Türkiyə prezidentinin təbrik məktubunda qeyd olunub.
Türkiyənin baş naziri Binəli Yıldırım da rusiyalı həmkarı Dmitri Medvedyevə təbrik məktubu göndərib.
Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.
Ötən ilin noyabrında “Su-24” təyyarəsinin vurulması ilə gərginləşən Türkiyə-Rusiya münasibətlərinin düzəlməsində Azərbaycanın vasitəçi olmaq məsələsinin gündəmə gəldiyi bir vaxtda Ərdoğanın və baş nazirinin bu jesti maraq doğurur və təsadüf olmaya bilər.
Qeyd edək ki, Türkiyədə nəşr olunan “Bir gün” qəzetinin yazdığına görə, Ərdoğan Putinlə münasibətlərin düzəldilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevdən və Belarus prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib. Qəzetin məlumatından daha çox diqqətçəkən məqam mətbuat orqanının Türkiyə iqtidarına, yoxsa müxalifətinə yaxın olması mövzu ilə bağlı bəzi suallara aydınlıq gətirə bilər.
Politoloq Elxan Şahinoğlu qəzetin türk iqtidarına yaxın ola biləcəyini vurğuladı: “Əgər burada Ərdoğanın vasitəçiliklə bağlı prezidentlərə müraciətindən söhbət gedirsə, ola bilsin ki, qəzetin hakimiyyətlə müəyyən bağlılığı olsun. Hiss olunur ki, Türkiyə Rusiya ilə münasibətləri nizamlamağa çalışır. Bu yazıda müəyyən mesajlar var. Belə xəbərlərin yayılması təsadüf deyil. Azərbaycan və Belarus prezidentlərinə müraciətdən söhbət gedir. Çünki hər iki ölkənin prezidentinin həm Türkiyə, həm də Rusiya ilə yaxın münasibətləri var. Düşünürəm ki, ən uyğun variant budur. Türkiyədə Nazirlər Kabineti dəyişib. Rusiya ilə münasibətlərin gərgin olmasının başlıca səbəbi Əhməd Davudoğlu idi. Davudoğlunun ”təyyarənin vurulmasını mən əmr etmişəm” açıqlaması Rusiyanın xoşuna gəlmədi. Amma indi fərqli bir baş nazir var. Keçmişdə nəqliyyat naziri olan Binəli Yıldırımın Rusiya ilə nəqliyyat sahəsində vaxtilə sıx əlaqələri olub. Münasibətləri yeni səhifədən başlamaq olar. Bu baxımdan yenidən Azərbaycan və Belarusun adının çəkilməsi aktuallaşır. Səbəblərdən biri də Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin yenidən alınmamasıdır. Birlikdən Türkiyənin ünvanına sərt açıqlamalar verildi. Avropa Birliyi eyni zamanda Rusiyaya da sanksiyalar tətbiq edir. Bu məsələ də iki ölkəni bir-birinə yaxınlaşdırır. Hazırda Türkiyə-Rusiya münasibətlərinin aktual olmasına bu amillər səbəb olur. Sadəcə, nə Türkiyə, nə də Rusiya birinci addımı ata bilmirlər. Ona görə vasitəçilərə ehtiyac duyulur”.
Politoloq məlumatın “Bir gün” qəzetində çıxmasının pərdəarxası məqamlarına toxundu: “Ola bilər ki, Türkiyə hökuməti tərəfindən Rusiya mövzusu bu qəzetə tapşırılıb. Qəzet məsələləri aktuallaşdırmağa çalışır. Ola bilsin ki, Türkiyə mətbəxlərində Rusiya ilə münasibətlərin düzəlməsi üçün artıq yol xəritəsi hazırdır. Bunun üzərində işlər gedir. İşin gedişatında hansı ölkələrin vasitəçi olacağı, hansı mətbuatın əsas rol oynayacağı məsələsi dəqiqləşə bilər. Bu yazıda konkret Rusiyaya mesaj var ki, yeni baş nazirimiz var, yol xəritəmiz hazırdir. Digər bir mesaj da bugünlərdə məlum oldu. Türkiyə Rusiyadakı səfirini dəyişdi. İkitərəfli münasibətlərin yenidən geri qaytarılması mesajları da verilir. Rusiya birmənalı şəkildə inadkarlıq göstərdi ki, Türkiyə üzr istəməlidir. Amma Türkiyə üzr istəməyəcək, sadəcə, barışıq üçün yollar arayacaq. Türkiyə təyyarəçinin vurulmasına görə üzr istəyə bilər. Təyyarənin vurulması sərhəd pozuntusuna görə anlaşılan idisə, təyyarəçinin vurulması tələsik qərar idi. Beynəlxalq hüquqa görə, o, əsir götürülməli idi. Bu baxımdan Türkiyənin bu yöndə bəzi addımlar atacağı istisna deyil”.