Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-də İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə ona ölkədəki münaqişənin həllində yenidən kömək təklif edəcək. Elchi.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ərdoğan yenidən Zelenskiyə Ukraynadakı nizamlamada vasitəçilik təklif edəcək. Bundan əlavə, iki ölkə liderləri Rusiya və Ukrayna arasında əsir mübadiləsini də müzakirə edəcəklər. Ankara bu məsələnin həyata keçirilməsi üçün səy göstərməyə hazırdır.
Prezidentlər həmçinin iyulun 17-də başa çatacaq taxıl sazişinin uzadılmasını müzakirə edəcəklər. Moskva hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib. “Hürriyet”in məlumatına görə, Rusiya müqavilənin taxıl və gübrə ixracı ilə bağlı hissəsi yerinə yetirilmədiyi üçün müqaviləni yeniləmək niyyətində deyil.
Daha əvvəl bildirilib ki, Zelenski iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyəyə gəlib Ərdoğanla görüşmək niyyətindədir. Habertürk telekanalının məlumatına görə, iki ölkə liderlərinin görüşü iyulun 7-də baş tutacaq.
Havar Şəfiyeva






