14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verməsi haqda məlumat yayılıb. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumata görə məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz edirlər. Ehtimal olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib. Hazırda müəssisənin ətrafında çoxsaylı post patrul xidməti maşınları var.Siyasi məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də orada saxlanılır. 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, müəssisə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi küləkli havada vəziyyət dözülməz olur.
Qeyd edək ki, 2012-ci ilin sentyabrın 9-da da 14 saylı CM-də qiyam baş vermişdi.
Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinə sorğu ilə müraciət etmişik. Sorğumuza veriləcək cavabı da təqdim edəcəyik.



