Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi qısa zamanda imzalanmalıdır. Paşinyan aprelin 30-na qədər delimitasiya üçün Birgə Sərhəd Komissiyasının üzvlərinin təyin edilməli olduğunu da qeyd edib.
Əvvəllər də Paşinyanın sülh müqaviləsinin imzalanmalı olduğuna dair bir neçə açıqlamalarına şahid olmuşuq. Yəqin ki, Brüsseldəki görüşdən sonra belə bir bəyanatın verilməsi baş nazirin mövcud reallıqları dərk etdiyindən xəbər verir. Maraqlıdır, Paşinyan bu dəfə səmimidir, yoxsa hər zamankı kimi blef edir?

Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Elchi.az-a açıqlamasında söyləyib ki, Paşinyan zaman-zaman sərsəm bəyanatlar verib və tez-tez öz fikrini dəyişib. Lakin onun son çıxışını təbii qəbul etmək lazımdır:
“Çünki Paşinyan küçədən gələn bir siyasətçidir, həm də peşəkarlıq səviyyəsi çox aşağıdır. Lakin görünən odur ki, Brüssel görüşündən sonra Paşinyan deyəsən vəziyyəti dərk edib. Artıq Azərbaycan Prezidentinin arqumentləri qarşısında Paşinyanın deməyə hansısa sözü qalmayıb. Nəzərə alsaq ki, Paşinyan etiraf edir ki, 2020-ci ildəki səhvi buraxa bilməz və yenidən müharibə olsa, məhv olmaq istəmir. Bu da təbiidir. Çünki həm Azərbaycan ordusunun gücünü gördü, həm ölkə başçısının siyasi arqumentlərinin ağıllı dəlillərini gördü. Bundan başqa hadisələrin gedişi dəyişib. Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıqlar yardıb və bu reallıq artıq dünya dövlətləri tərəfindən də qəbul olunub. Paşinyan da etiraf edir ki, “bu dəfə müharibəyə başlasaq, bizi nəinki Avropa, ümumiyyətlə, heç kim müdafiə etməyəcək”. Hətta sülh sazişində “Dağlıq Qarabağ”ın statusu ilə bağlı da məsələnin gündəmə gətirilməsinin əleyhinədir. Dövlətimizin ərazi bütövlüyü daxilində nəisə gələcəkdə müzakirə etmək iddiasını ortalığa atır. Təbii ki, bu məsələnin də Azərbaycanın daxilində olması mümkünsüzdür. Konstitutsiyamıza görə, Azərbaycan unitar dövlətdir. Hansısa mədəni muxtariyyət bəlkə də müzakirə oluna bilər. Təbii ki, bu, Prezidentin səlahiyyətindədir, dövlət səviyyəsində həll olunacaq bir məsələdir. Ancaq bütün hallarda dünən ötən ilin iqtisadi yekunlarına dair toplantıda ölkə başçısı bu məsələlərə bir daha toxundu və Azərbaycanın Qarabağla bağlı mövqeyinin dəyişməz olduğunu açıqladı, sülh danışıqlarına hazır olduğumuzu söylədi. Eyni zamanda dövlətimizin tələblərinin də yerinə yetirilməsini istədi və bildirdi ki, Ermənistan istəsə də, istəməsə də bu tələbləri yerinə yetirəcəyik”.
C.Nuriyev qeyd edib ki, Paşinyan həm Azərbaycanın mövqeyini, həm Rusiyanın Ukraynadakı hərbi-siyasi biabırçılığını görür, eyni zamanda Avropadan əvvəlki dəstəyi ala bilmir:
“Çünki Avropa İttifaqı (Aİ) birmənalı şəkildə Ermənistanın Rusiyanın siyasi təzyiq dairəsindən çıxmasını istəyir. Ermənistan da bu addımı atmağa məcburdur. Çünki Paşinyanı SOROS fondu hakimiyyətə gətirib. Ona görə də bu dəfəki açıqlamasının reallığa daha yaxın olduğunu düşünürəm. Çünki parlamentdə də bu məsələ müzakirə edildi. Seyran Ohanyanın “Dağlıq Qarabağ” adlı olmayan qurumu tribunaya gətirib çıxarması, ancaq başqa erməni deputatının belə qurumun olmadığını söyləməsi ona dəlalət edir ki, Ermənistan böyük sülh sazişinə hazırdır. Azərbaycan və Ermənistan XİN başçıları arasında ilk dəfə heç bir vasitəçi olmadan telefon danışıqlarının həyata keçirilməsi onu göstərir ki, aprelin sonuna qədər iki dövlət arasında ən azı XİN başçılarının müavinləri səviyyəsində İşçi Qrupunun yaradılacağı realdır. Bu, Ermənistana həm sərhədlərin delimitasiya və demarkasiyası, həm iqtisadi-siyasi blokadadan çıxması, həm də dünyaya, xüsusilə, Avropaya inteqrasiya etməsi üçün çox lazımdır”.
Yeganə






