Qabil ABBASOĞLU
Hər il yanvarın 20-də gün doğanda ölkənin hər tərəfindən üzü Şəhidlər Xiyabanına sirli bir izdiham axır.
Dünən gecə sonuncu rüşvətini alıb yatağına uzanan, sonuncu oğurluğunu edib evine qayıdan, sonuncu pisliyini edib qələmini yerinə qoyan… her kəs gün doğanda yuxudan millət kimi oyanır.
Gün boyu Xiyabana axışan izdihamın içində hamı bir-birini rahatca anlayır, orda birlik də var, anlayış da, illərdi əlimizi atanda dadımıza yetməyən, tapa bilməyib əlimizi üzdüyümüz toplum şüuru da…
Orda hamı eyni şey haqda düşünür, eyni yolu gedir, yıxılana hamı kömək edir, öndə gedən arxadakının yolunu kəsmir, arxada gələn öndəkini tepikləmir…
Bu mübhəm varlığın, canlı orqanizmın ömrü gün batana qədərdi. Günəş qürub edib qaranlığa uduzanda o nəhəng toplum da əriyib yoxa çıxır…
Sabah yeniden dünənki kimi oyanmaq, dünənki kimi yaşamaq üçün…
Bu sirli, nəhəng, birgünlük izdiham nə yanvarın 19-da mövcuddu, nə də 21-də. Bu, ayrı bir millətdi. 20 YANVAR MİLLƏTİ…



