2021-ci ilə zəif başlayıb, uğurlu tamamlayan futbolçuların adları açıqlanıb.
Siyahıya 10 futbolçu salınıb.
Əsasən mövsümün ilk 6 ayında uğursuz çıxış edən, lakin cari mövsüm yüksəlişə keçən oyunçular seçilib. Həmin futbolçular bunlardır:
Covanni Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu ötən mövsüm “Kalyari”nin heyətində cəmi 1 dəfə fərqlənib. Yayda “Verona”ya icarəyə verilən hücumçu 12 qol, 3 assistlik performansla diqqətləri üzərinə çəkib.
David De Xea
Ötən mövsüm formasından uzaq düşən De Xea hətta bir ara ehtiyata düşüb. Ancaq bu mövsüm yenidən çərçivəyə keçərək bir çox matçda komandası üçün kritik müdaxilələr edib.
Patrik Şik
Şik “Bayer”in forması altında uğursuz çıxışla yadda qalıb. AVRO-2020-dəki yüksək səviyyəli çıxış çexiyalını yenidən özünə gətirib. “Bayer”in forvardı yüksəlişini bu mövsüm də davam etdirib, 14 Bundesliqa oyununda 16 qol vurub, 7 məhsuldar ötürmə verib.
Emmanuel Dennis
Dennis, bəlkə də, 2021-ci ildə ən böyük yüksəliş edən futbolçudur. “Brügge”də şans qazanmadıqdan sonra “Köln”ə icarəyə verilən oyunçu Bundesliqada keçirdiyi 9 oyunda cəmi 1 assistlə yadda qalıb. Ancaq yayda “Uotford”a üz tutan Emmanuel Premyer Liqada 15 matçda 7 qol, 5 assistlə diqqətləri üzərinə çəkməyi bacarıb.
Temmi Abraham
“Çelsi”nin ötən mövsüm həyata keçirdiyi transferlər Abrahamı ehtiyata məhkum etmişdi. Nəticədə londonluların heyətində bu il qol sevinci yaşamayıb. Ancaq mövsümlərarası fasilədə Joze Mourinyo onu “Roma”ya gətirib. İngiltərə millisinin üzvü paytaxt klubunda artıq aktivinə 12 qol, 3 məhsuldar ötürmə yazdırıb.
Paulo Dibala
Argentinalı ötən mövsüm tez-tez zədələndiyi üçün heyət üzünə həsrət qalıb. Hətta komandadan gedişi də gündəmdə idi. Lakin Kriştiano Ronaldonun ayrılmasından sonra komandanın yükünü çiyinlərinə alan Dibala 8 qol, 4 assistə imza ata bilib.
Emil Smit Rou
Emil əslində ilə o qədər də bərbad başlamamışdı. Ancaq tam istəniləni vermirdi. Ötən mövsümün sonlarında heyətdə yerini möhkəmləndirməyə başlayan gənc yarımmüdafiəçi “Arsenal”ın 10 nömrəli formasını layiqincə geyinir. 8 qol, 2 assistlə komandasının uğurlu çıxışına töhfə verib.
Trevo Çalobah
“Çelsi” akademiyasının yetirməsi ötən mövsümü icarə əsasında “Loryen”də keçirib. Bu mövsüm London klubunun Premyer Liqadakı ilk matçında hər kəsi təəccübləndirən Çalobahın gözəl oyunu komandada qalmasına yol açıb. Tez-tez meydana çıxmağa başlayan 22 yaşlı müdafiəçi bu mövsüm Çempionlar Liqasında da qol vurub.
Toma Lemar
İlin ilk 6 ayında heyət üzü görməyən fransalı bu mövsüm yüksəlişə keçib. “Atletiko”nun heyətində 3 qol vurub, 3 məhsuldar ötürmə verən 26 yaşlı futbolçu artıq komandanın aparıcı simalarından sayılır.
Qabriel Jezuş
Braziliyalının ötən mövsümdəki performansı nə pis, nə də yaxşı idi. Ancaq Pep Qvardiola bu mövsüm onu cinahda sınamaq qərarına gəlib. Bunun xeyrini də “Mançester Siti” görməkdədir. Çünki Jezuşun aktivində 8 assist var.






