Kremlin Azərbaycana yeni reveranslarının, Ermənistana isə göz ağartmasının səbəbi; Moskva əlindəki “Qarabağ açarı”nı nəhayət, işə salacaqmı? Rusiyalı politoloq: “Kreml problemin tam həllinədək fəallaşmağa qərar verib…”
Dağlıq Qarabağ “yükü” bu il də yerindən tərpədilməmiş qaldı. Əslində yekunlaşmaqda olan il münaqişənin həllinə yönəlik təşəbbüslərdən daha çox əsas həmsədr ölkələr – Rusiya və ABŞ arasında aybaay artan gərginliklə yadda qaldı. Belə bir vəziyyətdə ixtilafın həllində hansısa ortaq yanaşmanı gözləməyə dəymir(di) təbii ki. Hərgah həmsədrlər il ərzində verdikləri bəyanatlarda bu ziddiyyətləri gizlətməyə çalışdılar.
Beləliklə, nəticə nə olacaqdısa, o da ortadadır. Nəticə isə nəticəsizlikdi. Ancaq il sonu Kremlə yaxın bəzi rusiyalı analitiklərin dilindən belə fikirlər də səsləndi ki, Moskva Qarabağ məsələsində münaqişə tərəfləri ilə artıq şifahi anlaşma əldə edib, sadəcə, onu açıqlamaq qalır. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan mətbuatında da yazılar getdi.
Mümkündür ki, bu kimi fikirlər Rusiyanın Qarabağ məsələsində xüsusilə də Qərb qarşısında öz həlledici rolunu nümayiş etdirib qabartmaq, eyni zamanda olduqca həssas bir durumda atəşkəs rejiminin pozulması risklərini azaltmaq niyyəti güdür. Hər halda, Rusiya Qarabağda yeni müharibənin alovlanmasında maraqlı görünmür.
O da var ki, Moskva tələsir. Çünki gələn il Dağlıq Qarabağ probleminə indiki səviyyədə təsir rıçaqlarına malik olmaya bilər. Odur ki, əlindəki “Qarabağ açarı”nı arada işə salmaq zorundadır. Bu açardan yeni ildə də istifadə olunmayacaqsa, o zaman bir azdan ona ümumiyyətlə gərək qalmaya bilər. Çünki “Qarabağ qıfılı açarları ilə birgə” dəyişdirilə bilər.
O halda Kremlin konfliktdən güddüyü böyük hədəflər də boşuna gedəcək. Bu mənada yaxın perspektiv üçün Moskvanın məsələdə hansısa real təşəbbüskarlıqda bulunması qaçılmaz görünür. Rusiyanın yaxın perspektivdə Qarabağ problemetakisı ilə bağlı fəallaşacağı istisna edilmir. Yuxarıda qeyd edildiyi kimi, bu, ən əvvəl ona Qərb qarşısında öz əzəmətini göstərmək üçün gərəkdir. Rusiyadakı daxili iqtisadi durumun aybaay pisləşməsi də xarici siyasətdə hansısa çeviklik tələb edir. Yoxsa bir azdan Qərb Kremllə heç bir məsələdə hesablaşmaya bilər.
***
Kremlin Qarabağ siyasətinə pozitiv düzəlişlər etmək istəməsinin isə deyəsən, işartıları da artıq var. Məsələn, ATƏT xarici işlər nazirlərinin Bazeldəki ənənəvi illik toplantısı çərçivəsində çıxışı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov sırf Azərbaycan üçün məqbul sayılan fikirlər söyləyib. Buna reverans da demək olar. Belə ki, Lavrov erməni işğalçı qüvvələri tərəfindən girov götürülən kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad eləməyə çağırıb.
Bu da hamısı deyil. Rusiya xarici siyasət idarəsinin başçısı həm də “bu məsələyə ciddi yanaşılmalı olduğunu” vurğulayıb. Konkret olaraq Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı Moskvanın hansı mövqedə olması ilə bağlı suala isə Lavrov qeyd edib ki, Moskva girovların ya qaytarılması və ya da mübadiləsinin tərəfdarıdır.
Belə bir açıqlama əlbəttə ki, erməni işğalçı rejiminin girovlarla bağlı aylardır apardığı təbliğatı faktiki, heç edir. Bir daha təsdiqlənir ki, onlar üzərində düşmən tərəfinin qurduğu məhkəmə fiksiyadan başqa bir şey deyil və bu “prosesin” də hər hansı hüquqi-siyasi nəticəsi olmayacaq. Çünki bunu indi təkcə Azərbaycan bəyan eləmir, Minsk Qrupunun iki aparıcı həmsədr ölkəsindən biri, Ermənistanın 1 nömrəli strateji müttəfiqi, onun varlığına əsas qarant ölkənin XİN rəhbəri söyləyir.
Təbii ki, Lavrov məsələ dərindən araşdırılmadan və girovların günahsızlığına əmin olmadan belə çağırış eləməzdi. Kim bilməsə də, Rusiya xüsusi xidməti Diqləm Əhmədov və Şahnaz Quliyevin suçlu olub-olmadığını asanca dəqiqləşdirə bilərdi. Yəqin ki, araşdırılıb da.
Lavrovun son açıqlaması girovlarla bağlı böyük şou yaradan erməni təbliğat maşınına kifayət qədər sarsıdıcı zərbədir. Axı onlar soydaşlarımızı diversant, qatil kimi mühakimə edir, üzərilərinə ağlasığmaz başqa ittihamlar qoyurlar. İndi belə çıxır, onların bu hoqqalarına əsas qarant ölkə – Rusiya inanmır və bunu şou sayır. Bu, eyni zamanda Dağlıq Qarabağdakı rejimin və onun qondarma məhkəməsinin də qeyri-legitim olduğunun Moskva tərəfindən əyani etirafı hesab oluna bilər.
XİN başçısının bəyanatındakı bu məqama diqqət yetirən rusiyalı politoloq, “Vestnik Kafqaza” nəşrinin eksperti Andrey Petrov nazirin Qarabağ açıqlamasında girovlarla bağlı nüansı bir neçə həlledici məqamdan biri sayır: “Bu, Rusiya mövqeyinin daha bir dolayı ifadəsidir ki, bu dəfə Azərbaycanın işğal altındakı ərazilərində əsir götürülmüş azərbaycanlı vətəndaşlarla bağlı ortaya qoyulur. Faktiki olaraq, nazir Ermənistanı Azərbaycan Respublikasına onun vətəndaşlarını geri qaytarmağa çağırıb, çünki bu konfliktin nizamlanmasına yardım edə bilər”.
Lavrovun bəyanatını ümumiləşdirən ekspert belə bir qənaətə gəlir: “Bu gün Rusiya Qarabağla bağlı öz işlərini problemin tam həllinədək fəallaşdırmağı bəyan edib”.
***
Əlbəttə ki, rusiyalı ekspert qədər optimist deyilik. Ən azı ona görə ki, Kreml verdiyi vədlərə çox vaxt əməl etməyən ölkə olduğunu dəfələrlə əyani sübut edib. Ancaq minimum bir təsəlliverici və müsbət reallıq var ki, Lavrovun bəyanatından sonra erməni tərəfi azərbaycanlı girovların təhlükəsizliyinə başları ilə cavabdeh olacaqlar. Yəni onların həyatına risklər sovuşmuş hesab edilə bilər.
Bu, Azərbaycan tərəfinin də, girovların da xeyrinə olan çox mühüm yenilikdir. Eyni zamanda təbliğat və informasiya savaşında əhəmiyyətli uğurdur. Qalır bircə girovların sağ-salamat qaytarılması və sözsüz ki, Qarabağ məsələsində, nəhayət, işıq ucunun görünməsi.