Müsahibimiz yazıçı-şair Aqşin Yeniseydir. Aqşin bəylə ədəbiyyatımızın son durumu, yazarların sosial həyatı, cəmiyyətimizdə kitaba marağın az olma səbəbləri barədə söhbət apardıq.
Yazıçının Elchi.az-a müsahibəsini təqdim edirik:
-Son vaxtlar belə bir iddia var ki, ədəbiyyat adamları arasında efirə çıxanlar, qəzetlərdə, saytlarda tirajlananların belə İranın ölkəmizdəki casus şəbəkəsinə bağlantısı aşkarlanıb. Ədəbiyyatı casus şəbəkəsinə bağlamaq, casus şəbəkəsinin ədəbiyyat vasitəsilə beyinlərə təsiri mümkündürmü? Belə hal varsa İranın Azərbaycandakı casus şəbəkəsi beyinlərin “yuyulmasına” nail ola bilər?
-Tarixin bütün dövrləri din, sənət, elm adamı adını daşıyan və casusluq işləri görən tiplərlə zəngin olub. Orta əsrlərdə şəhər darvazalarının ağzı dolu olurdu gözləri çıxarılmış dərvişlərlə. Niyə o dərvişlərin yalnız gözlərini oyurdular? Çünki bu adamlar casusluqla məşğul olan əksərən ədəbiyyat adamları idilər, xalqdan fərqli olaraq yaza və oxuya bilirdilər. Avropadan Yaponiyaya, Hindistana göndərilən xristian missionerlərin hamısı casus idilər. Bu missioner casusların sayəsində XIV əsrdə Yaponiya xristianlaşmanın bir addımlığında idi. XVIII-XIX əsrlərin əksər Qərb orientalist alimləri Avropa dövlətlərinin casus şəbəkələrinə işləyirdilər. Almaniya ilə Fransa arasında II Dünya müharibəsi illərində casusluq edən rəqqasə Mata Harini dünyada tanımayan yoxdur. Onun haqqında Koelyonun məşhur “Casus” romanı da var. Yaxud məşhur “Soyuqdan gələn Casus” romanın müəllifi Con Le Karre özü ingilis kəşfiyyatında çalışırdı. Keçmiş sovetlər ölkəsindən xaricə göndərilən bütün sənət, ədəbiyyat adamlarına xüsusi tapşırıqlar verilirdi. Türkiyədə FETO hadisələri baş verəndə ilk ifşa olunanlardan biri bu ölkədə casusluq fəaliyyətində təqsirləndirilən amerikalı bir rahib oldu. Təsadüfi deyil ki, Bakı da siyasi ədəbiyyatda “Casuslar şəhəri” adlanır. Bu gün də Bakıda bir çox ölkənin, xüsusilə Rusiya, Türkiyə, İran və İsrailin casus şəbəkələri mövcuddur. Bu gün Azərbaycandakı “İmam Hüseyin aşiqliyinin” izinə düşüb getsək Kərbəlaya deyil, İranın xüsusi xidmət orqanlarının binalarına gedib çıxarıq. Bu casusluğun “Hüseyin aşiqliyi” pərdəsi altında son illər ölkədə o qədər beyin yuyulub ki, sayı-hesabı yoxdur.
-Zaman-zaman siz də Azərbaycan dilinin korlanması ilə bağlı danışmısız. Dilimizə yeni sözlər gəlmir, öz dilimizi istifadə edə bilmirik. Bəzən də Azərbaycan dilinin kasad olduğunu deyib, yazıçıları yeni söz yaratmadıqları üçün qınayırlar. Doğrudan da belədirmi?
-Keçən əsrin 60-cı illərinin ortalarında “Gen X” nəsli ortaya çıxdı, onlardan sonra “Gen Y” nəsli gəldi, bu gün isə “Gen Z” nəslinin dövranıdır. Bu nəsillərin dünyagörüşü kimi dili də fərqliydi. İndiyə qədər dünyada iki kültür tipi mövcud idi. Bəşəri və elmi kültür. Bəşəri kültür daha çox dini, metafizik elementlərlə zəngin mədəniyyəti əhatə edir. Bu, Dekarta qədər davam edən Orta əsrlər dövrünün mədəniyyətidir. Dekartdan sonra elmi ixtiralar Avropada bəşəri kültürü sıxışdırdı. Çünki insanlıq əsrlərdir anasını ağladan vəbanı tanrının deyil, elmin gücünə yenə bilmişdi. Beləliklə, Avropada bəşəri kültürün yerini elmi kültür tutdu. Bu gün isə texnoloji kültür dövrünün astanasındayıq. Bu gün geri qalmış xalqlar vaxtilə elmi kültür çağına keçə bilməyən xalqlardır, yəni elmi elitasını yarada bilməyən xalqlar. Elmi kültürə sahib olmadıqları üçün texnoloji çağa da keçə bilməyəcəklər. Biz də o xalqlardan biriyik. Nə elmi kültürə sahibik, nə də texnoloji kültür haqqında düşünürük. Çünki buna heç bir əxlaqi, intellektual potensialımız yoxdur. Ona görə bəşəri kültürün quyruğundan bərk-bərk yapışmışıq. Çünki biz kostyum geyinmiş Orta əsr xalqıyıq, düşüncəmiz Orta əsr düşüncəsi olduğuna görə dilimiz də, mədəniyyətimiz də bu düşüncəni ifadə etməyə məhkumdur. Bəşəri kültürün quyruğu əlimizdən çıxsa yerdə heç nə qalmayacaq. Biz bir xalq olaraq məhv olacağıq. Ona görə yeniliyə nifrət edirik. Hətta dilimizi yeniləsək belə bu, kosmetik dəyişiklik olacaq. Biz mədəniyyətimizin, dilimizin geyimini, zahirini yox, məzmununu, batinini dəyişməyə cəhd etməliyik. Buna cəhd edənləri isə nə dövlət dəstəkləyir, nə xalq. Mədəniyyətimiz bəşəri kültür düşkünü olduğundan indiki Z nəsli üçün maraqsızdır. Z nəsli üçün bəşəri kültürün dəyərləri əyləncə obyekti ola bilər ən yaxşı halda. Onlar ruhən də, zehnən də inkişaf etmiş xalqların övladlarıdır. Orta əsr düşüncəsinin, yəni bəşəri düşüncənin daşıyıcısı olan gənclərimiz üçünsə ölkədə kifayət qədər münbit şərait var. Düş həyətə bircə dəfə “Düldül”ün adını çək, gör başına nə qədər gənc yığışacaq. Bu yaxınlarda müasirim olan Türkiyə yazıçısı Hakan Gündayın “Bic” romanı haqqında yazmışdım. Z nəslindən bəhs edən bu romandakı heç bir kəlmənin əxlaqi statusu yoxdur. Azərbaycan türkcəsinə tərcüməsini də zorlayan bu məsələdir. Çünki Azərbaycan türkcəsi hələ özünün əxlaqi missiyasından imtina etməyib. Bizim dil hələ də müstəmləkə tərbiyəsinin dilidir. İnsanı böyütmək üçün deyil, əhliləşdirmək üçün lüğətləşdirilib. Dilimiz həm də qorxularımızın ötürücüsüdür. Onun şapalaq funksiyası var. Azərbaycan türkcəsinin zahiri azadlığının olmamasının başlıca səbəbi daxili azadlığının olmamsıdır. Azad olmayan dil inkişaf edə bilməz.
-Müsahibələrinizin birində demişdiz ki, Azərbaycan xalqı öz dilindən dolana bilmir, yəni məcburdurlar ki, rus ya ingilis dilini öyrənib dolanışıqlarını təmin etsinlər. Bu nədən qaynaqlanır? Niyə maddi və mənəvi cəhətdən öz dilimizdə dolana bilmirik?
-Bu müstəmləkəçilik tarixinin çörəklə bağlı siyasətinin nəticəsidir. Gerçəklik budur ki, bu gün Azərbaycanda yuxarılar rus, aşağılar ərəb-fars mentalitetindən mənsimsədikləri dəyərlərin çörəyini yeyirlər. Çünki yuxarıların çörəyi mədəni, aşağıdakıların çörəyi dini kimliklərindən çıxır. Milli kimlik hələ ki, çörək gətirmədiyi, hətta ac qoyduğu üçün insanlarımız mədəni, dini kimliklərini milli kimliklərindən üstün tuturlar. Milli kimliyə ögeyləşmə dilimizə münasibətə də mənfi təsir göstərir. Yenə əmələ gələn nəsillərimiz isə qloballaşan bazar mühitində ana dilinin onları acından öldürəcəyini çox yaxşı başa düşürlər. Azərbaycan dili yalnız inzibati mühitdə yarınmaq üçün istifadə olunanda çörək qazana bilir. Z nəsli isə bu düşüncədən uzaqdır. Sovet nəslinin son nümayəndəsi öləndə dilimiz də inzibati dəyərini itirib öləcək. Dilin ölümünü çox vaxt fiziki yoxluq kimi anlayırlar. Dil çağı, mədəniyyəti ifadə edə bilmirsə, o artıq ölü dildir. Əslində, biz bu gün çağımızın əhvalatını öz dilimizdə yazanda ölü dildə yazırıq. Azərbaycan dili öz diriliyini şifahi nitqdə qoruyur hələ ki. Dünyada dörd minə yaxın dil var, onun yalnız 78-i yazılı mədəniyyət yaratmağa qadirdir. Qalan dillər şifahi mərhələdən yazılı mərhələyə keçə bilməyiblər. Azərbaycanda da bu gün ictimai sərmayə şifahi dilə yatırılır. Bu yetərli səbəbdir ki, dilimizin ölümü tez və “ağrısız” baş versin.
-44 günlük Vətən savaşı 3 ildir ki, başa çatıb və bu 3 il ərzində dünyaya çıxaracaq ədəbiyyat nümunəmiz, hansısa romanımız varmı? Yoxdursa, buna səbəb nədir?
-Mədəni-ideoloji zövq və istək yoxdur. Heç bir ölkədə bir kitab, bir film yalnız yazıçının, rejissorun şəxsi gücünün hesabına dünyaya çıxmır. Nazarbayev “Köçərilər” filminin çəkilməsi üçün 40 milyon dollar pul ayırmışdı. Məsələn, bu yaxınlarda Türkiyənin Dil, Kültür və Tarix Qurumu öz təşəbbüsü ilə mənim “Tarix və Tale” romanımın müəlliflik hüququnu aldı. Azərbaycanda kimin vecinə oldu bu hadisə? Hansı televiziya bir dəqiqəsini, hansı sayt bir xəbərini bu hadisəyə ayırdı? Mədəniyyətimizin uğurlu hadisələri heç öz ölkəmizdə də işıqlandırılmır, nəinki dünyada. Amma bir meyxanaçı Türkiyədə öz puluyla klip çəkdirsəydi, ölkə fərəhdən dağılırdı indi.
-Sual şablon olsa da, yazıçıların sosial şəraitindən danışardız. Kitablar alınmır, oxunmur. Bəzən bunu yazıçılarla əlaqəndirib yaxşı yazıçıların olmadığını deyirlər. Həqiqətən belədir ya oxucu yoxdur? Bütün bunlar Azərbaycan insanının sosial şəraitinin çətinliyi ilə bağldır?
– Bu gün Azərbaycan “mədəni böhran” içindədir. Yaradıcı insanlar yoxsul təbəqənin təmsilçiləridir. Mədəniyyət o zaman inkişaf edir ki, yaradıcı şəxslər orta təbəqəni təşkil edirlər. “Mədəniyyət nədir?” sualına verilən yüzlərlə cavabın içində mənim ən çox üzərində düşündüyüm cavab amerikalı antropoloq Rut Benediktə məxsusdur. Benedikt xanım deyir ki, mədəniyyət böyüdülərək ekranda əks etdirilən fərdi psixologiyadır. Yəni bir fransızın, bir rusun, bir azərbaycanlının psixoloji ölçülərini böyütsək, onların təmsil etdiyi mədəniyyətin xarakterini üzə çıxarmış olacağıq. Mədəniyyətimiz düşüncələrimizin davranışlarımızda üzə çıxmasıdır. Biz bu gün bir azərbaycanlının psixoloji ölçülərini böyütsək, özümüz dəli olarıq. “Bu gün Azərbaycanda niyə Üzeyir Hacıbəyovlar yetişmir?” sualının cavabını illər öncə ingilis tarixçisi Toynbi verib. Bu ingilis kəlləsi iddia və isbat edir ki, mədəniyyəti dahi şəxsiyyətlər yaradır. Əgər belədirsə (buna heç şübhəm yoxdur), yəni mədəniyyəti dahi şəxsiyyətlər yaradırsa, deməli, cəmiyyət əvvəlcə özünün şəxsiyyət problemini həll etməlidir. Bu gün Azərbaycanda mədəniyyət problemindən əvvəl şəxsiyyət probleminə baxmaq lazımdır. Bu gün mövcud mədəni səviyyəmiz şəxsiyyət(lər) yetişdirə bilirmi? Şəxsiyyət yoxdursa, mədəniyyət də olmayacaq. Necə deyərlər, hər din bir peyğəmbərin əsəridir. Şəxsiyyətin yetişməsi üçün rifah şərtdir. Azərbaycanda isə mənzərə belədir, rifahı olanın şəxsiyyəti, şəxsiyyəti olanın rifahı yoxdur. Hələ mən onu vurğulamıram ki, Azərbaycanda rifah cənnətinə girmək üçün girişdə “şəxsiyyət” vəsiqəni girov qoymalısan.
-Bir müddət Türkiyədə yaşadız. Türk və Azərbaycan ədəbiyyatı arasında fərqlər nədir, hansı daha gəlişmiş ədəbiyyatdır? Bizim onlara çatmağımız üçün nələr edilməli, nələr yazılmalıdır?
– Onlar yerində saymırlar ki, gedib çataq. Türkiyədə ziyalı, aydın küçədə deyil, universitet mühitində yetişir. Nə qədər ki, Azərbaycanda universitetlər elmi deyil, siyasi müəsissə kimi çalışacaqlar biz heç vaxt inkişaf etmiş ölkələrlə ayaqlaşa bilməyəcəyik.
Söhbətləşdi: Yeganə





