“Uşağı mağarada qoyub gəldi, qurd-quşa yem oldu”
“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.
Geriyə, Karkamışa qayıdırıq. Bir az da bu kənddən danışaq. Təsərrüfatla məşğuldurlar, əsasən fıstıq əkirlər. Elə dolanışıqları da fıstıqdan çıxır. Suriyada vətəndaş müharibəsi başlamazdan öncə bu ölkəylə, daha dəqiqi, Hələblə ticarətləri də olub. Müharibə başlayandan sonra sərhəd qapanıb. Düzdür, İŞİD qarşı tərəfi tutanadək gediş-gəliş zəif də olsa, davam edirmiş. Amma Ömərin dediyinə görə, indi oralara ayaq basmaq, həyatınla vidalaşmaq deməkdir.
***
İŞİD Cerablusu tutandan sonra Karkamışın da ağrılı günləri başlayıb. Təsəvvür edin, 7-8 min əhalisi olan bu kəndə 5-6 min də cerabluslu gəlib.
– Özümüzə bir zülmlə iş tapırıq, Nizipə, Urfaya, Antepə gedirik işləməyə. Bir yandan da bunlar. Adamın yazığı da gəlir. Başqa yerə də köçə bilmirlər. Yox, söhbət heç imkandan, puldan da getmir. Bunlar orada, Cerablusda çox yaxşı yaşayıblar. Çoxu da qızıl işinə baxıb. Yaxşı zərgərlər çıxıb bunlardan. Qohum-əqrəbaları var orada. Kiminin anası, kiminin bacısı, oğlu, qızı. Qoyub gedə bilmirlər. Hər an sərhədin o yanından xəbər gözləyirlər. Cerablusda atəş səsi gələndə, bunlar az qala havalanırlar. Görəsən, kimi güllələdilər. Niyə atdılar, kimi asdılar, kimi kəsdilər. Səksəkədə yaşayırlar. Bude, bu Afif, ailəsi oradadı. Bacısını götürüb qaçıb bura.
***
16-17 yaşı olar. Arıq, çəlimsiz bir gəncdir Afif. Anası yezidi kürdüdür, atası ərəb. Deyir, Cerablusu tutan günün səhəri 5-6 nəfər evlərinə soxulub. Atasını və onu döyüb bir otağa saldılar. Anası və bacısı Afifanı isə özləri ilə aparıblar.
– Kimsə bizi satıbmış ki, anam kürddür. Anamla atam 30 il bundan əvvəl evlənib. Bizə qədər 6-7 uşaqları olub. Hamısı da bir yaşına çatmamış ölüb. Sonra dalbadal biz doğulmuşuq bacımla. Haradan biliblər anam kürddür, bilmirik. Anamın yeri indi də məlum deyil. Öldümü, qaldımı, satdılarmı, xəbərimiz yoxdur. Bacımı isə satacaqlarmış. Nə bilim, kim çox pul verəcəksə, ona. Bacımı müsəlman hesab eləmir onlar. Bizim qəsəbədə 6-7 kürd ailəsi vardı. O ailələrdəki qadınların hamısı harasa apardılar. Xəbər çıxmadı.
Bundan sonra isə az qala trilleri xatırladır. 15 yaşlı Afifanı səhər Deqr az Zora aparacaqlarmış. Afif deiyr ki, orada İŞİD-in qadın bazarı var. Cavan qızları 250-300 dollar satırlar. Bir az yaşlıları 100, yaşı 45-i keçənləri hətta 50 dollara.
– Axşam atam və qonşularımız qərara gəldi ki, bacımı nəyin bahasına olursa-olsun xilas etsinlər. Pul da tapmışdılar. Amma iş təkcə pulla düzəlmirdi. Bunu onlara necə təklif edəsən? Onda qonşumuz xəbər gətirdi ki, İŞİD-çilərin arasında köhnə bir dostu var. Bəlkə o nəsə yardım edə bilər. Həmin adamla gecə görüşdülər. O, söz vermədi. Amma bacımın şəklini alıb getdi. İki saatdan sonra qonşumuza deyib ki, bacımdan xoşu gəldi, özü onu alacaq, bir sözlə, bu sevda baş tutmadı. Onda atam onun ayaqlarına düşüb yalvardı ki, həyat yoldaşı da itib, onların əlindədi, amma qızını da itirsə, havalanar. Allah xətrinə ona kömək etsin. O isə yumşalmaq bilmirdi. Atam daha çox pul vəd elədi. Hüsnü adlı həmin döyüşçü iki saat vaxt istədi. Atam haralara, kimlərə ağız açmadı? Səhər də açılırdı. Yadımda deyil, nə qədərsə qızıl idi, tapıb gətirdilər. Hüsnü başqa bir döyüşçüylə gəlmişdi. Dedilər, Cerablusda, köhnə məktəbin yanında səhərə yaxın gözləyək. Bacımı çıxaracaqlar bayıra. Elə beləcə də dedilər: “Nə yolla olursa-olsun, birbaşa Türkiyəyə rədd olun”. Səhər tezdən dedikləri kimi də elədilər. Bacımı gətirdilər. Yazıq qız, donub qalmışdı. Əsim-əsim əsirdi. Nə baş verdiyini belə anlamırdı. Atam məni və bacımı bələdçilərə təhvil verib, qayıtdı. Dedi ananızı da tapım, gələcəm. Bacımla bu tərəfə keçdik. Nə atamdan, nə də anamdan xəbər var. Bircə onu bilirik ki, bacımı qaçırandan sonra Hüsnünün başını kəsiblər. Atamı da tutublar. Kimsə Hüsnünü də satıbmış.
***
Söhbətə başqa bir cerabluslu qoşulur. Deyir, demək olar ki, hər gün orada baş verənlərdən xəbər tuturuq. “Zəng edirlər, çəkib göndərirlər” deyir.
– Bax, bu şəkildəki mənim əmim oğludur. Bu isə bacımın əri. Bunlar ən yaxınlarımdı. 17 qohumumu öldürüblər. Niyə görə? Kimisi bura qaçmaq istəyib, kimisinin də nə bilək, hansısa hərəkəti onların xoşuna gəlməyib. Atamla-anam isə hələ də oradadırlar. Telefonla danışırıq. Türkiyə nömrələri ilə. Biz tacir adamlardıq. Davadan əvvəl də hamıda Türkiyə nömrələri olub. Amma kimdə tutsalar, başı getdi. Gizlicə, gecələr zəng edirlər. O da bir dəqiqə, hal-əhval tuturuq, vəssalam. Mən anamla danışa bilmərəm ki? Səsimi eşidən kimi ağlayır, atam yenə bir-iki kəlmə deyir, tez də telefonu qapadır. Bax bunları – noutbukda şəkilləri göstərir – asfaltın üstündəcə sorğu-sualsız güllələyirlər. Hə, beləcə, hamının gözü qabağında, günün günorta çağı.
***
Bir-bir fotoları göstərir. Ardınca da iki-üç dəqiqəlik video görüntülər. Görüntülərin birinin üstündə dayanır.
– Bu, mənim bacımın ərinin meyitidir. Bax, bu yük maşınında ən üstdə olan. Buna bax, necə də meyiti təpikləyir. Allah bilir hara aparıb tullayıblar meyitləri. Bəlkə də yandırıblar. Ya da atıblar çaya.
Fərat çayını deyir. Çay düz Cerablusun yanından keçir. Deyir, o çaydan su içmək də düz deyil. Nə qədər günahsız insanın meyiti axıb o çaydan.
Bu isə Malikdir. Malikin danışdıqlarına isə dəmir əsəb lazımdı qulaq asasan.
Onun bacısı Rakkada ərdəymiş. (Yeri gəlmişkən, Suriyanın şimalında, Türkiyənin Şanlı Urfa vilayəti ilə sərhəddə yerləşən bu şəhər “xilafət”in paytaxtı elan edilib”) Rakka İŞİD-in əlinə keçəndə qaçhaqaç düşüb. Bacısıgil Akçakala istiqamətinə qaçıblar. Hava qaralanda bir mağarada gizləniblər. İki gün ac-susuz. Bacısının südəmər körpəsi də elə onun qucağında acından ölüb. Deyir, uşaq son anacaq barmaqlarını sordu.
– Sorub-sorub taqətdən düşüb. Bacım bir də görüb ki, rəngi ağappaqdı. Uşağı elə orada, mağarada qoyub gəlmişdi. Necə basdırsın, daş mağaranı qazsın? Qaldı orada, qurda-quşa yem oldu yəqin.
Göz yaşlarını saxlaya bilmir Malik. Deyir, özü də möcüzə nəticəsində sağ qurtula bilib Cerablusdan.
Əvvəl gəlmək istəmirmiş. Fikirləşib ki, müvəqqətidilər, bir-iki günə çıxıb gedəcəklər. Amma sonradan görüb ki, onların qoyduğu qaydalarla Cerablusda yaşamaq mümkün deyil.
– Bir dəfə axşam evə girdilər. Televizora baxırdıq. Televizoru gülləbaran edib məni döyə-döyə apardılar. 30 şallaq vurdular. Təkrar olunacağı halda, başımı kəsəcəklərini dedilər. Daha orada qalmaq olmazdı. Əvvəl istədik Hələbə gedək. Amma Hələbdə vəziyyət daha dəhşətlidir. Hər gün bomba yağır. Bir tərəfdən Əsəd, bir tərəfdən müxaliflər, bir tərəfdən İŞİD. Orada baş çıxarmaq mümkün deyil. Türkiyəyə qaçmaq qərarına gəldik. Buradan hara gedəcəyik, bilmirik. Karkamışın insanları sağ olsun, kömək edirlər. Düşərgə salıblar bir az aralıda. Amma orada yer yoxdur. Burada qarajda qalırıq. Hələ havalar bir az istidir, bir azdan soyuqlar başlayacaq. Allah özü kömək olsun, bircə ona borcluyuq heç olmasa sağ qaldığımıza görə…
Deyir, sabah gəl, qaçqınlar yaşayan kampda səni bir nəfərlə tanış edəcəm. Onunla mütləq görüş. Sənə elə şeylər danışsın ki…
(Davam edəcək)
(Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az-ın birgə “İŞİD həqiqətləri: reallıqlar, miflər” layihəsi çərçivəsində, Komitənin dəstəyi ilə hazırlanıb)













