1955-ci ildə Naxçıvan şəhərində anadan olmuş Arif Rəhimoğlunun əsas işi pedaqoqluq, araşdırıcılıq olsa da, o, daha çox ideoloq kimi tanınmış, milli azadlıq hərəkatının öndərlərindən biri olmuşdur. 1985-ci ildə “Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alsa da, bu sahədə ardıcıl işləyə bilməmiş, milli azadlıq hərəkatının ideoloji əsaslarının hazırlanmasında bir ziyalı kimi yaxından iştirak etmişdir.
1988-1992-ci illərdə Naxçıvanda keçirilən mitinq və toplantılara, sərhəd hərəkatına, muxtar respublikanın erməni quldur dəstələrinin basqınlarından qorunmasına öndərlik etmişdir. 1992-ci ildən AXC sədrinin ideoloji işlər üzrə müavini və AXC ideologiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1998–2003-cü illərdə öncə Bütöv Azərbaycan Birliyi (BAB) sədrinin ideoloji işlər üzrə müavini, sonra isə BAB Mərkəzi şurasının sədri işləmişdir.
20 kitab, 250-dək elmi məqalə yazmış, 8 kitabın redaktoru olmuşdur.
Arif Rəhimoğlu 2003-cü ilin sonlarında İsveçə mühacirət etmiş, Yöteburq şəhərində yaşamış, 2022-ci il aprelin 3-də uzunsürən xəstəlik səbəbindən dünyasını dəyişmişdir.
Ölümündən sonra Arif Rəhimoğlunun “Dilimiz və tariximiz”, “Yaşmaqlı panfarsizm, yaxud şahmat taxtasında Azərbaycan və Farsıstan” kitabları nəşr edilmişdir.
“Dilimiz və tariximiz” kitabında dil tarixi, Türk dillərinin söz varlığı, antropologiyası, etimologiyası, paleotoponimiyası, etnologiyası, linqvo kulturologiyası və Türk xalqlarının mifologiyası mövcud qaynaqlar işığında müasir yöntəmlərlə incələnmişdir. “Yaşmaqlı panfarsizm, yaxud şahmat taxtasında Azərbaycan və Farsıstan” kitabında Azərbaycan və İran İslam Respublikası arasında münasibətlər tarixi faktlar və sosioloji yanaşmalar əsasında təhlil edilir, Azərbaycan dövlətinin qarşısında duran prinsipial məsələlər haqqında fikirlər irəli sürülür, eləcə də Azərbaycanın tarixi inkişaf yolu, Güney Azərbaycanın öz milli–mədəni haqları uğrunda mübarizəsinə diqqət yetirilir. Düşünürük ki, hər iki kitab xalqımız üçün, xüsusən də tədqiqatçılar, gənc politoloqlar üçün çox əhəmiyyətli olacaq.
AMEA Mərkəzi Elmi Kitabxanasında 2023-cü il dekabrın 14-də saat 12:00–da keçiriləcək toplantıda alimlər, ictimai-siyasixadimlər kitablar haqqında fikirlərini oxucularla bölüşəcəklər.






