
Türkiyə hökumətinin bu ilin iyul ayının 22-dən bu yana PKK terror təşkilatına qarşı təşkil etdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində 967 terrorçu məhv edilib.
Avropa.info xəbər verir ki, terrorçuların ölkə daxilində törətdiyi terror hücumlarına dair hesabat hazırlanıb.
Hesabata görə, son 63 gündə (7 iyul-7 Sentyabr) baş vermiş terror hücumları zamanı hüquq mühafizə orqanlarının Malazgirt jandarm bölüyünün komandiri mayor Arslan Kulaksız və İstanbul polis idarəsinin mühəndis-istehkam şöbəsinin rəisi Beyazıt Çeken də daxil olmaqla 96 əməkdaşı (əsgər, polis və s.) həlak olub. Biri İran əsilli 23 nəfər mülki şəxs ölüb, 3-ü İran əsilli 304 nəfər mülki şəxs isə yaralanıb.
Bundan başqa, terrorçular əksəriyyəti ağır yük avtomobilləri olmaqla 257 avtomobili yandırmışlar. Bu müddət ərzində baş vermiş qarşıdurmalarda 117 terrorçu məhv edilib, 18-i yaralı olmaqla 40 terrorçu isə həbs olunub.
Türkiyə daxilində iyul ayının 24-dən bu yana həyata keçirilən antiterror əməliyyatları zamanı 2325 nəfər saxlanılıb ki, bunlardan da 620-si haqqında həbs qətimkan tədbiri seçilib.
Ordunun iyulun 22-dən bu yana PKK-ya qarşı ölkə daxilində və xaricində həyata keçirdiyi əməliyyatlar nəticəsində 967 terrorçu məhv edilib.
Hərbi hava qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı ölkə xaricində 580, ölkə daxilində isə 250-300 terrorçunun yaralandığı bildirilir.



