
Publika.az-ın xəbərinə görə, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev 2017-cü il büdcə müzakirələrindən danışarkən bildirib.
Millət vəkili elm və təhsilə ayrılan xərclərin yetərli olmadığını deyib:
“Məni narahat edən məsələ elm xərcləridir. Ötən il elm xərclərinə 118 milyon manat vəsait ayrılıb, 8 milyon 220 min istifadə edilməyib. Buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniya xarici tələbələrdən hər il 20 milyard funt strerlinqdən çox gəlir götürür. Və bunun hesabına hər il 200 mindən çox iş yeri artırılır. Bunun üçün bizim potensialımız var. İran və Türkiyədən, habelə Asiya ölkələrindən tələbə cəlb etməyimizə imkan var”.
Millət vəkili qısa zamanda universitetlərin yataqxanalarının tikilməsinin də vacib olduğunu bildirib:
“Bu gün universitetlərin yataqxana problemi var. Bakı Dövlət Universitetinin yataqxanası illərdir sökülüb və yenisi tikilmir. Digər ali məktəblərdə də oxşar problem yaşanır. Bu gün tələbələr xaricdə ali təhsil üçün kampusların olmasına önəm verirlər”.



