
2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22% bahalaşıb.
Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.
“Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 2,26% azalıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 87,39%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 12,61%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 24,23% təşkil edib”, – N.İbrahimov bildirib.
Onun sözlərinə görə, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 150,39 min kilometr (azalma 13,61%) təşkil edib. Avtomobillərin orta yaşı 11,61 il olub ki, bu da cari ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 0,05% çoxdur.
Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,48% təşkil edib.
“Eyni zamanda, yaşı 5 ilədək olan avtomobillərdə bu göstərici 8,95%, 5 ildən 10 ilədək olan avtomobillərdə 8,39%, 10 ildən 15 ilədək olan avtomobillərdə 7,29%, 15 ildən 20 ilədək olan avtomobillərdə 4,01%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 3,69% təşkil edib”, – N.İbrahimov bildirib.




