Müsavat başqanlığına sabiq namizəd: “ARAYIŞı və video çəkilişlərin diskini Gülağa bəyə təqdim etdik, geri
qaytardılar …”
İqtisadçı alim Qubad İbadoğlu səfərdə olduğu Myanmardan açıqlama ilə çıxış edib. Musavat.com məlumat verir ki, o, bu açıqlamanı “Musavat üzvləri” qapalı qrupunda paylaşıb. Onu təqdim edirik:
“ Salam dəyərli dostlar və fədakar müsavatçılar!
Bildiyiniz kimi, hazırda çox uzaq ölkələrdən birində -Myanmarda səfərdəyəm, bura qlobal şəffaflıq təşəbbüsünün beynəlxalq idarə heyətinin üzvü kimi gəlmişəm. İdarə Heyətinin toplantısında Azərbaycanla bağlı önəmli bir məsələ – vətəndaş cəmiyyətinin vəziyyəti, həbslər və digər təzyiqlər müzakirə olunacaq. Bu müzakirədə mənim rəyimin əsas götürüləcəyinə görə təkidlə gəlməyimi xahiş etdilər. Əvvəlcədən planlaşdırmadığım bu səfərə gələrkən, qərargahda oldum, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair ARAYIŞı və video çəkilişlərin diskini Gülağa bəyə təqdim etdik ki, seçki komissiyasi və MNTK araşdırsın və cavab versin. Bu gün məlum oldu ki, Arayış qəbul olunmayıb ki, imza yoxdur və geri qaytarılıb. Bu məlumatı nəzərə almağınızı xahiş edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, həmin arayışı elektron imza ilə həm Gülağa bəyin (say komissiyasının üzvü) və həm də Sevinc xanımın (MNTK-nın üzvü) e-mail ünvanlarına göndərmişəm. Görək bundan sonra münasibətləri necə olacaq?”
Onun bu açıqlamasına Gülağa Aslanlı cavab yazıb: “Seçki Komissiyasının sədri Mirbaba Babayevdir. Bu gün Seçki Komissiyasının səlahiyyətinə xitam verilmiş oldu. Düzgün yazılmış və imzalanmış şikayətinizi bundan sonra MNTK-ya təqdim etməniz gərəkdir”.
G. Aslanlının açıqlamasından belə məlum olur ki, dünənki Məclisdə Mirbaba Babayev bu sənəd barədə şərh verib və onu nümayiş etdirib. Belə məlum olub ki, Qubad bəyin bəhs etdiyi “Arayış”da heç bir imza olmayıb: “Şikayət adlanan sənəddə, sənədin kimə ünvanlandığı haqqında məlumat və kimsəninsə imzası yox idi. Qubad bəyin belə bir Şikayət təqdim edə biləcəyinə inanmıram. Sənədi təqdim edənlər səhvə yol veriblər. Bu barədə Mirbaba bəy məlumat verdi və sənədin düzgün tərtib edilərək MNTK-ya təqdim olunmasını məsləhət bildi”.
Musavat.com onu da bildirir ki, 11 oktyabr tarixli Müsavat Məclisində Gülağa Aslanlı təşkilatın Məclisinə üzv seçilə bilməyib.