Abbas Abbasovun yenidən fəallaşması barədə ölkə KİV-lərində geniş məlumatlar yayılıb. Əsas səbəb kimi də
Moskvadakı məlum qüvvələrin onun Bakıya hesablanmış təhdidləri ilə bağlıdır. A.Abbasovla əlaqədar əvvəllər səsləndirdiyi kəskin açıqlamaları nəzərə alaraq, məsələyə münasibət öyrənmək məqsədilə həmişə obyektiv mövqeyilə fərqlənən keçmiş millət vəkili Eldar SABİROĞLUNA müraciət etdik və ondan Abbas Abbasovun bu dəfə hansı niyyətlə meydana atıldığı ilə bağlı fikirlərini Elchi.az-la bölüşməsini xahiş etdik.
Eldar SABİROĞLUNUN fikirlərini diqqətinizə çatdırırıq:
“Mən onun haqqında nəsə danışmaq istəmirəm. İki dəfə bu barədə öz münasibətimi bildirmişəm. Digər tərəfdən, cəmiyyətdə elə mühit formalaşıb ki, kiminsə haqqında nəsə bir fikir söyləyərkən hardasa onun bir umacağı olduğunu düşünürlər. Mənim heç bir umacağım yoxdur. Sadəcə o, Azərbaycan barədə elə mövqe sərgiləyirdi ki, bunu sükutla qarşılamaq heç cür mümkün deyildi. O adam yolunu dəyişməyib. Bu aşkardır. Əksinə, əvvəllər getdiyi yolu indi daha açıq şəkildə davam etdirir. Kreml onu bir balaca həvəsə gətirməklə Abbas müəllimin bütün mahiyyətini açıb ortaya qoydu. O gərək belə etməyəydi. Başa düşməliydi ki, növbəti “rasxod”lardan biri də o olacaq. O ki qaldı onun Azərbaycana hansısa təsir imkanına, mən bunu real saymıram. O öz təzadlı siyasi oyunları ilə Azərbaycanda dost olduğu adamları da itirir. Məhz buna görə də mən yenə o fikirdəyəm ki, onun “İstiqlal” ordenini daşımağa mənəvi haqqı yoxdur…”
Elchi.az



