Lənkəran rayonunun Tütəpeştə kənd sakini Gülər Nizami qızı Əliyeva ailə təmsilçisi kimi ünvanlı sosial yardımla bağlı müraciət edərkən ərizə-bəyannamədə mülkiyyətində olan torpaq sahəsini göstərməyib.
Bunu Axar.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.
“Bu barədə vətəndaşa qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilib. Gülər Əliyeva imtinaya səbəb olmuş uyğunsuzluğu aradan qaldırmaqla elektron qaydada müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına yenidən baxılacaq”.
Qeyd edək ki, Lənkəran rayonun Tütəpeştə kənd sakini Gülər Əliyevanın sözlərinə görə, iki dəfə VEMTAS-la ünvanlı sosial yardım almaqdan ötrü elektron müraciət edib. Birinci müraciətində vətəndaşa məxsus olmayan “A 802013052096-251018” saylı reyester kodlu torpaq sahəsi onun adına göstərilməklə imtina edilib. G.Əliyeva bu barədə DSMF-nin Lənkəran rayon şöbəsinə müraciət edərək yanlışlığın aradan qaldırılmasını xahiş edib. Məlum olub ki, nazirliyin e-sosail portalında yaradılmış e-arayış bölümündəki pay torpaq mülkiyyəti haqqında arayışda vətəndaşa məxsus torpağın olması barədə heç bir məlumat mövcud deyil. Amma buna baxmayaraq, sentyabrın 20-də vətəndaşın VEMTAS-a etdiyi müraciətdən yenidən ona məxsus olmayan pay torpağının reyester kodu göstərilməklə imtina edilib.





