ABŞ-ın kəşfiyyat agentlikləri Çinin Birləşmiş Ərəb Əmirliklərinin limanlarından birində hərbi məqsədlər üçün gizli şəkildə obyekt inşa etdiyini öyrənib.
Bu barədə “Vol Strit” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, Çinin Əbu-Dabi yaxınlığındakı şübhəli fəaliyyəti ilə bağlı ilk məlumat təxminən bir il əvvəl gəlib. Ekspertlər bu məlumatların inandırıcı olmadığını desələr də, 2021-ci ilin yazında çəkilmiş peyk görüntüləri ABŞ rəhbərliyini Çinin həqiqətən də BƏƏ-də hərbi obyekt tikdiyinə inandırıb.
Ağ Ev BƏƏ-yə Çinin hərbi mövcudluğunun iki ölkə arasında münasibətlərə təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Mənbələr qəzetə bildiriblər ki, ABŞ rəsmilərinin Əbu-Dabiyə bir sıra səfərlərindən sonra tikinti dayanıb. Mənbələrin fikrincə, ABŞ-ın müasir döyüş təyyarələri və pilotsuz təyyarələri ilə maraqlanan BƏƏ hökuməti Çinin ölkədəki fəaliyyətinin hərbi xarakterindən xəbərsiz olub.





