Stokholmda Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında Kiyevdəki hadisələrin müzakirəsi zamanı gərgin mübahisə yaşanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Blumberq” öz mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, buna səbəb Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Qərbin cavab tədbirlərinin müzakirəsi olub. Buna cavab olaraq Lavrov da Blinkenə xatırladıb ki, Kiyevdə 2014-cü il hadisələri dövlət çevrilişi idi.
“O, həmçinin NATO və Avropa İttifaqını Rusiyanı təhdid etməkdə ittiham edib”, – agentlik bildirib.
Blinken də NATO-nu müdafiə alyansı adlandırıb və bildirib ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə sadiq qüvvələr Kiyevdə dinc nümayişçilərə atəş açıb və yüzdən çox insanı öldürüblər.





