Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə görüşünün təfərrüatından yazıb.
Bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.
“Mən ölkələrimiz arasında əlaqələrin daha da inkişafında maraqlıyam”, – Zelenski qeyd edib.
O, Azərbaycana Ukraynadakı özəlləşdirmə kampaniyası və “Böyük tikinti” proqramında iştirak etməyi təklif edib. Eyni zamanda, Əliyevi Kiyevə işgüzar səfərə də dəvət edib.
Zelenski görüş zamanı İlham Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi prosesində iştirak etməyi xahiş edib.
“Rusiyada qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir”, – deyə Zelenski Əliyevdən kömək istəyib.
Bundan əlavə, o, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün Kiyevdə Ukrayna-Azərbaycan-Türkiyə sammitinin keçirilməsini də təklif edib. Zelenski ölkələr arasında nəqliyyat və logistika əməkdaşlığında, xüsusilə dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya marşrutunun inkişafında böyük potensiala diqqət çəkib.





