“Ötən dövrdə qanun layihəsi geniş ictimai müzakirəyə çıxarılıb, 100-dən çox təklif daxil olub”.
Bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, bu qanun ilk növbədə xalq üçündür: “İnanırıq ki, beynəlxalq təşkilatlar da “Media haqqında” qanunla bağlı xoş məramlarını ortaya qoyacaq. Dünən medianı müxtəlif məsələlərə görə tənqid edənlər bu gün sanki əvvəlki vəziyyətin qorunub saxlanılmasına çalışırlar. Dövləti mühafizəkarlıqda da ittiham etməyə çalışanlar var. Qanun media sahəsindəki islahatların ilk mərhələsini təşkil edir. Son dövrlər qanun layihəsinin geniş müzakirə olunmadığı barədə iddialar var. Birincisi, media subyektləri ilə aparılan müzakirələr ictimai müzakirələrin bir hissəsidir. İkincisi, dünənə qədər media haqqında qanunvericiliyin tələblərinə qarşı çıxanların indi bu sahədə yeni qanunvericiliyə qarşı çıxması məntiqli deyil”.
Z. Oruc bildiib ki, qanun blogerlərin fəaliyyətini tənzimləmir, yalnız peşəkar səviyyədə jurnalistlərin fəaliyyətinin tənzimləməsini nəzərdə tutur: “Digər tərəfdən, platforma yayımçısı ilə İnternet televiziyası yayımçısı anlayışı eyni deyil. Müxtəlif platformalar üzərindən yayımlanmaq üçün minimum tələblər müəyyənləşib. Lisenziya tələblərinə cavab verməyən internet televiziyaları da fəaliyyətini indiki şəkildə davam etdirə biləcək. Layihədə jurnalistlərlə bağlı ali təhsil tələbinə gəlincə, bu, beynəlxalq təcrübədə də belədir”.
Komitə sədri qanun layihəsində ağır və xüsusilə ağır cinayətlər törədən, məhkumluğu olan şəxslərin media subyekti olmasına qoyulan qadağa ilə bağlı səslənən etirazlara da münasibət bildirib: “Bu, həm dövlətdaxili, həm də xarici hüquqi aktlarda özünə geniş yer tapıb. Media elə bir fəaliyyət sahəsidir ki, ictimai maariflənmə və gənc nəslin tərbiyə edilməsində həssas mövqe nəzərə alınıb. Buna görə də bu sahənin nümayəndələri üçün ciddi tələblər müəyyənləşib. İctimai mənəviyyatın qorunması üçün belə bir məhdudiyyət müəyyənləşdirib. Digər tərəfdən, layihə media sahəsində birliklərin yaranmasına qadağanı nəzərdə tutmur. Bu iddialar da əsassızdır”.
Parlamentin komitə sədri qanun layihəsində siyasi partiyalar və dövlət orqanlarının media subyektləri yaratmasına qoyulan məhdudiyyətə də toxunub: “Siyasi partiyanın məramı hakimiyyətə gəlmək, dövlət orqanlarının məqsədi isə qanunvericilikdə nəzərdə tutulmuş funksiyaları həyata keçirməkdir. Biz dövlət mediası anlayışının yalnız 2-3 subyektə tanınmasını bəyan edirik. Eynən siyasi partiyanın internet, Yotube üzərindən hansısa formada yayım aparması yenə də olduğu kimi davam edəcək. Siyasi partiya ümumölkə miqyasında peyk rabitəsi üzərindən televiziya sahibinə çevrilmək istəyirsə, artıq informasiya fəaliyyətinin həyata keçirilməsi statusunda özünü tanıtmaq olmuş olur. Bu, digərlərinə qarşı ayrı-seçkilik sayıla bilər”.






