Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanlayıb.
Təbrikdə deyilir:
“Dəyərli soydaşlarım,
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edirəm.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təqvim ilinin son gününə təsadüf etməsində bəlkə də ilk baxışdan sezilməyən bir zərurət var – geridə buraxdığımız zaman kəsiyində baş verənlərdən nəticə çıxarmaq, geriyə deyil, irəliyə baxmaq, gerçək vətənpərvərlik hissi və əzmi ilə xalqımızın, dövlətimizin qarşısında duran maneələri birlikdə dəf etmək zərurəti!
Əziz həmvətənlər,
2021-ci ildə 44 günlük Vətən müharibəsində bizə qələbə sevincini yaşadan şəhidlərimizi ilk Anım Gününü böyük qürur və kədər hissi keçirdik. İşğalçı ordu və ölkə üzərindəki Zəfərimizin coşqusunu yaşadıq. Başa çatmaqda olan il ərzində bir xalq və dövlət olaraq ərazi bütövlüyümüzün təmin olunmasına qarşı çıxan, bizi daim məğlub görmək istəyənlərə qarşı birgə müqavimət göstərdik, qanımız bahasına əldə etdiyimiz halal haqqımızı bizə çox görənlərə, üzdə dost, arxada düşməndən də betər olanlara birliyimizi, iradəmizi və əzmimizi nümayiş etdirdik, işğal dövründə viran edilmiş yurd yerlərimizin yenidən dirçəldilməsi istiqamətində ilk və mühüm addımlarımızı atdıq, mədəniyyətimizin paytaxtında Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik etdik.
2022-ci ildə isə qarşımızda daha böyük vəzifələr durur. Ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsinə və daha real məzmun almasına, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin sürətləndirilməsinə, torpaqlarımızın separatçıların tör-töküntülərindən tamamilə təmizlənməsinə nail olmalı, milli birliyimizi, həmrəyliyimizi qorumalı, strateji hədəflərimizə doğru yorulmadan, usanmadan addımlamalıyıq!
Əziz soydaşlarım!
Bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim
ili münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, səadət və
işıqlı günlər arzulayıram!
Tanrı Azərbaycanı qorusun!”






