Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişaf haqqında birgə bəyanat imzalayıblar.
Elchi.az-ın xəbərinə görə, birgə bəyanatda Rusiya və Çinin ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən “AUKUS” birliyinin yaradılmasından ciddi narahat olduqları vurğulanıb.
Birgə bəyanatda Rusiya və Çinin yeni koronavirus infeksiyasının mənşəyi ilə bağlı probleminin siyasiləşdirilməsinə qarşı olduqları qeyd olunub.
Bildirilib ki, nüvə nəhəngləri “Soyuq müharibə” zehniyyətindən əl çəkməli və siyasətdə nüvə silahının rolunu azaltmalıdır.
Rusiya və Çin ABŞ-ı Asiya-Sakit okean regionunda və Avropada yerüstü orta və qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Çinə səfər edib. Səfər çərçivəsində Putin Çin lideri Si Cinpinlə görüşüb. Görüşün yekunları ilə bağlı iki ölkə arasında sənədlər paketi imzalanıb.






