Prokurorluq orqanları tərəfindən ölkəmizin fəal üzvü olduğu regional təşkilatlar çərçivəsində cinayətkarlığa qarşı səmərəli mübarizə və mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluğin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, 3-4 fevral tarixlərində Azərbaycan Respublikasının təsisçilərindən biri olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Kiyev şəhərində yerləşən qərargahında Hüquqi statistika üzrə işçi alt qrupun növbəti iclası keçirilib.
Ölkəmizdən daxili işlər, dövlət təhlükəsizlik və maliyyə monitorinqi orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirak etdiyi iclasda Baş Prokurorluğu Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov təmsil edib.
Tədbirdə hüquqi statistika üzrə işçi qrupunun fəaliyyəti istiqamətləri, GUAM dövlətlərində cinayətkarlığın əsas göstəriciləri, onun təhlili və digər məsələlər müzakirə olunub, üzv ölkələrlə müqayisədə Azərbaycanda cinayətkarlığın əhalinin hər 100 min nəfərinə olan səviyyəsinin dəfələrlə az olması xüsusi vurğulanıb.
Baş Prokurorluğun nümayəndəsi tədbirdə çıxış edərək Vətən Müharibəsində əldə edilmiş tarixi Zəfərin regionda beynəlxalq hüququ və ədaləti bərqərar etdiyini bildirməklə dövlət sərhədlərinin tam nəzarətə götürülməsilə transmilli mütəşəkkil cinayətkarlığın, xüsusən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.
İclasda statistik məlumatların toplanması və təqdim edilməsində mövcud olan yanaşmalara, onların təkmilləşdirilməsi üsullarına dair fikir mübadiləsi aparılıb.






