“Azərbaycanın səhiyyə qanunverciliyi təkmilləşdiriləcək”.
Elchi.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, mövcud normativ hüquqi bazanın bugünkü tələblərə uyğunlaşdırılaraq yeni qanunvericilik sənədlərinin hazırlanması istiqamətində işlər görülür:
“Yeni yaradılacaq transformasiya ofisinin fəaliyyət istiqamətlərindən biri də budur. Hazırlanan sənədlər səhiyyə sektorunun digər iştirakçıları ilə birgə razılaşdırılaraq tətbiqinə başlanılacaq”.
Nazir qeyd edib ki, dünyanın əksər ölkələrində tətbiq olunan dövlət və özəl qurumların tərəfdaşlığının genişləndirilməsi əsasdır: “Diaqnostika sahəsində artan istifadə institusional tərəfdaşlıq olmadan vətəndaşı yüksək səviyyədə, keyfiyyətli tibbi təminatla təmin etməsi mümkünsüzdür. Buna görə dövlət və özəl qurumların tərəfdaşlığı sistemi işə salınacaq. İnanırıq ki, bununla səhiyyə sisteminin maliyyələşdirilməsi, son nəticə olaraq vətəndaşların yüksək keyfiyyətli tibb xidmətə əlçatanlığı təmin olunacaq”.
T. Musayev qeyd edib ki, qısa müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlərin digər ana xəttini dövlət qurumları ilə əməkdaşlığın aktiv fazaya keçirilməsi təşkil edir:
“Artıq bu məqsədlə, Səhiyyə Nazirliyi ilə Dövlət Vergi Xidməti arasında ilkin müzakirələr aparılıb və funksional fəaliyyət ehtiyaclarından irəli gələrək məlumat bazalarının qarşılıqlı inteqrasiyası, birgə nəzarət tədbirlərinin aparılması, rəqəmsal inzibatçılığın gücləndirilməsi sahələrində əməkdaşlığa dair razılığa gəlinib. Bu məqsədlə, Dövlət Vergi Xidməti ilə Səhiyyə Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı hazırlanır. Eləcə də digər qurumlarla, Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə təhsil müəssisələrində sağlam həyat tərzinin təşviqi sahəsində, Dövlət Statistika Komitəsi ilə səhiyyə statistikası mövzusunda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə geoinformasiya sistemlərinin tətbiqi istiqamətində, Maliyyə Nazirliyi ilə səhiyyənin maliyyələşdirilməsi mövzusunda və digər qurumlarla yaxından əməkdaşlıq aparılması planlaşdırılır” – nazir vurğulayıb.





