12 fevral 2022 10:29 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Elchi.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 2 nəqliyyat qəzası və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 12 nəfər, o cümlədən Şamaxı rayonunda “Ford” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Həmçinin, Tovuz rayonunda “Shacman” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Məmmədov İmran Hüseyn oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.





