“Prezident İlham Əliyevin həyata keçirdiyi milli xarici siyasət və ordu quruculuğu sahəsindəki tədbirləri nəticəsində qısa bir müddətdə – 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi, erməni kapitalına bağlı və onlara yaxın olan bir çox dairələri narahat etməkdədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, ərazi bütövlüyümüzün bərpasına qədər bəzi beynəlxalq qurumların bəyanatları və ya məruzələri nəzəri xarakter daşıyırdısa, bu gün onlar əməli tədbirlərə hesablanmış layihələri həyata keçirməyə cəhd edirlər: “Ona görə də dövlətimizin başçısı İlham Əliyev bu məsələlər ətrafında mütəmadi olaraq tutarlı arqumentlər əsasında öz fikirlərini ictimaiyyətə açıqlayır. O, fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məsələyə öz münasibətini daha da konkret şəkildə ifadə edərək “rəngli inqlabların” ideya müəlliflərindən olan Corc Soros Fondunu tənqid edib. Qərbdəki bəzi dairələrin zaman-zaman Azərbaycanda “rəngli inqilablar” törətmək cəhdlərindən söz açan Prezident İlham Əliyev onların mənəviyyatsız fəaliyyət formalarını ifşa edib. O bildirib ki, hazırda da Azərbaycana qarşı informasiya təxribatları davam edir. Hətta ABŞ-nın bundan əvvəlki Prezidenti Donald Trampın da “Washington Post” və “New York Times” kimi nəhəng dərgilərini feyk-nyus adlandığına diqqəti cəlb edən dövlətimizin başçısı bunun artıq siyasi mübarizənin bir üsuluna çevrildiyini söyləyib. “Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları”, – deyən dövlətimizin başçısı “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” və bu qisimdən olan qurumların böyük dövlətlərin büdcələrindən maliyyələşdiyini və hədəfin Azərbaycan olduğunu diqqətə çatdırıb. Bu səylər davam edəcək. “Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək”, – deyən Prezident İlham Əliyev Qərbin antiazərbaycan dairələrinin mənfur siyasətlərindən hələ də əl çəkmədiklərinə eyham vurub”.
Birinci vitse-spiker qeyd edib ki, keçən il dekabrın 10-da Vaşinqtonda Demokratiya Sammiti keçirilən zaman paralel olaraq Belqradda ABŞ Milli Demokratiya Fondunun sponsorluğu və “Freedom House” və Çexiyanın PIN təşkilatlarının təşkilatçılığı ilə Azərbaycandakı situasiyaya həsr olunmuş keçirilən görüşə Azərbaycanda destruktiv müxalifətin nümayəndələrindən və icazəsiz aksiyaların fəal iştirakçılarından olan Əbülfəz Qurbanlının və hüquqşünas Sübhan Həsənlinin dəvət olunması bunu təsdiq edən faktlardan biridir: “Bütün bunlar onu deməyə əsas verir ki, “rəngli inqlablar”ı həyata keçirən strateqlər forma dəyişkənliyinə yol versələr də, məzmunu eyni cür saxlayıblar. Lakin bu tipli destruktiv fəaliyyətlərin Azərbaycan cəmiyyətində heç bir zəmini yoxdur və ola da bilməz. Çünki dövlətimizin həyata keçirdiyi əsas siyasətlərdən biri də insanların psixoloji xüsusiyyətlərinə hesablanıb, ardıcıl təbliğat nəticəsində xüsusilə siyasi təfəkkür baxımından tam formalaşmamış gənclər arasında müəyyən çaşqınlıqlar yaratmağa çalışan dairələrə qarşı mübarizəni gücləndirmək, gənclərimizin fəal vətəndaş mövqeyinə nail olması üçün münbit şərait yaratmaq və milli maraqlar naminə motivasiyanı həyata keçirməkdir. Prezident İlham Əliyev forumdakı çıxışında gələcəkdə ölkənin müqəddəratı ilə bağlı məsuliyyəti öz üzərinə götürməli olan gənclərə etimadını ifadə edib və öz tövsiyələrini verib. Qeyd edib ki, gənclərimiz elə etməlidirlər ki, heç vaxt onlar bizə qalib gəlməsinlər. Dövlət başçısı Azərbaycan gənclərinin bu fitnələrə heç vaxt uymayacaqlarına əmin olduğunu vurğulayıb. Prezident deyib ki, Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə – hər yerdə öz böyüklüyünü dəfələrlə göstəriblər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”.
Ə. Hüseynlinin sözlərinə görə, bu inam həm də onunla möhkəmlənir ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda Azərbaycanın və onun liderinin beynəlxalq miqyasda nüfuzu sürətlə artmaqda davam edir: ‘Yəni Azərbaycan artıq torpaqları işğal altında olan ölkədən düşmənə böyük üstünlüklə qalib gəlib, öz gücünə ərazi bütövlüyünü bərpa edib və sürətlə inkişaf edən tam müstəqil bir dövlətə çevrilib. İndi artıq əvvəlki zamanlarda olduğu kimi, rəqiblərimiz açıq-açığına Azərbaycanın üstünə gələ bilmir və o üzdən siyasətlərini gizli və dolayı yollarla həyata keçirmək istəyirlər. Lakin bu gün hər kəs anlayır ki, ölkə daxilində milli maraqlar naminə formalaşan yeni siyasi konfiqurasiya, ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyinin möhkəm təməlləri, xalqın öz qüruruna sahib çıxması və qalib sərkərdəsinə sonsuz inamı, Prezident İlham Əliyevin sürətlə artan reytinqi xaricdən gələn təhdidlərin neytrallaşdırmaq və Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi Qərb dairələrinin və onların daxildəki tör-töküntülərinin əməllərinə hər zaman tutarlı cavab vermək üçün yetərlidir”.






