İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti iclası 10-11 mart tarixində Bakıda keçiriləcək.
Elchi.az-ın məlumatına görə, bunu Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın Şərqi Azərbaycan əyalətinin başçısı Abidin Xorrəmlə görüşdə deyib.
Ə. Əlizadə görüşdə Azərbaycan Respublikasının Təbrizdə 6 il baş konsulu kimi çalışdığını və Təbrizi özü üçün vətən bildiyini qeyd edib.
İranın qonşu ölkələrlə əlaqələrini inkişaf etdirmək siyasətini dəyərli adlandıran Ə. Əlizadə bildirib ki Azərbaycan prezidenti cənab ilham Əliyev də İranla əlaqələrin inkişafına ciddi önəm verir.
Ə. Əlizadə müştərək iqtisadi komissiyanın iclasında Xudafərin gömrük keçid məntəqəsinin açılması, yeni sərhəd körpüsünün tikilməsi və iki ölkə arasında əldə olunan digər razılıqlar haqqında danışıq aparılacağını bildirib.
O bildirib ki, müştərək iqtisadi komissiyasının iclasında digər məsələlər o cümlədən işğaldan azad olmuş ərazilərdə texnologiya parklarının yaradılması, gömrük və vergi güzəştləri, özəl şirkətlərin xüsusi ilə İranın Şərqi Azərbaycan əyalətinin şirkətlərinin işğal olunmuş ərazilərdə iştirakı kimi məsələlər müzakirəyə çıxarılacaq.
Ə. Əlizadə koronavirus pandemiyası məhdudiyyətlərin azalması ilə Bakı-Təbriz aviareysinin qısa müddətdə yenidən bərpa olunacağına ümidvar olduğunu bildirib.
Görüşdə S. Xorrəm İranın xarici siyasətində Azərbaycanın prioritet olduğunu bildirib və qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı iki tərəfli əlaqələrin çiçəklənməsinə zəmin yaradacaq.






