Prezident və parlament seçkiləri Donetsk və Luqansk regionlarında tanınmamış “xalq respublikaları” tərəfindən təşkil olunub.
Ukrayna, ABŞ və Avropa İttifaqı deyirlər ki, seçkilərin nəticələrini tanımayacaqlar. Amma Rusiya seçkiləri dəstəkləyib.
Regionda toqquşmalar intensivləşib, cümə günündən bəri ən azı 7 Ukrayna əsgəri öldürülüb.
Şərqi Ukraynada aylarla davam edən döyüşlərdən sonra Donetsk və Luqansk regionları separatçıların əlinə keçdi. Bundan sonra sentyabrda Minskdə atəşkəs sazişi imzalandı.
Üsyançı liderlər deyirlər ki, müstəqil dövlətlər olaraq onlar Ukrayna qanunlarına riayət etmək məcburiyyətində deyillər. Beləliklə də onlar ötən həftə Ukraynada keçirilən parlament seçkilərində iştirak etmədilər.
“Bu seçkilər vacibdir, çünki onlar bizim səlahiyyətlərimizə legitimlik verəcək və bizi Kiyevdən uzaqlaşdırır” – deyə Donetsk regionunun seçki komissiyasının başçısı Roman Lyagin AFP xəbər agentliyinə deyib.
Amma Qərb liderləri və rəsmi Kiyev deyir ki, ərazilər atəşkəsə riayət edərək Ukrayna qanunlarına görə dekabrda yerli seçkilər keçirməlidir.




