“Bu gün Xarkova növbəti aviazərbə endirilməsi zamanı azərbaycanlılar arasında ölən və yaralananların olması barədə indiyə qədər fəxri konsulluğa məlumat daxil olmayıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
Fəxri konsul bildirib ki, hazırda Azərbaycan vətəndaşlarının növbəti qrupunun evakuasiyasına hazırlıq aparılır.
***
saat 11.53
Bildiyiniz kimi az öncə Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binasına ziyan dəyməyib.
Bu barədə APA-ya konsulluqdan bildirilib.
“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.
Həmvətənlərimizi bir daha təmkinli olmağa çağırır, olduqları yerlərdə qalmalarını tövsiyə edirik.
Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – qeyd olunub.






