“Piylənmə 95-96 faiz hallarda qəbul edilən kalorinin yandırılmaması səbəbindən ortaya çıxır”.
Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endekrinoloqu Azad Əkbərzadə bildirib. Onun sözlərinə görə, uşaqlarda piylənmə nəzərdən qaça bilər, lakin böyüklərdə bunun nəzərə çarpmaması mümkün deyil:
“İnsanlar öz çəkilərini boylarının kvadratına bölərək nə qədər artıq çəki aldıqlarını öyrənə bilərlər. Əldə olunan rəqəm 25-dən yuxadırsa artıq çəki, 30-dan yuxarıdırsa piylənmə, 40-dan yuxarı olduqda isə ağır piylənmə sayılır”.
O qeyd edib ki, uşaq və yetkin yaşlarda artıq çəki alanların 80 faizi hər zaman kök qalır: “Cəmi 5 faiz insan sonradan arıqlaya bilir”.
Uşaqların artıq çəki almasının əsas səbəbi də açıqlanıb. Mütəxəssis deyib ki, uşaqların artıq çəki almasının əsas səbəbi şirniyyatlardır. Şirniyyat kəsilsə, uşaqlar normal qidalanmağa başlayacaq və çəkiləri qaydasına düşəcək:
“Arıq uşaqların 90 faizi normaldır. Valideynlər uşaqlarını kökəltməyə çalışmamalıdırlar. Uşaqlara hazır sıyıqlar, hazır meyvə qarışıqları da verilir. Bunları maksimum geri atmağa çalışmaq və təbii qidalardan istifadə etmək lazımdır ki, uşaqlar normal qidalansın. Maksimum şəkildə tərəvəz qidalarından istifadə edilməlidir. Salat çeşidlərimizin az olması və ya az qəbul edilməsi, yaxud da salatlara mayonezlərin əlavə olunması piylənmə riskini artırır” – o deyib.





