Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibədə deyil.
Bunu CNN-ə açıqlamasında Aİ Şurasının Prezidenti Şarl Mişel deyib.
“Reallıq budur ki, Rusiya Ukraynaya qarşı qızğın müharibəyə başlayıb. Ukrayna NATO üzvü deyil, ona görə də biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq. Biz mümkün olan hər şeyi etməliyik. Lakin Rusiyanın nüvə silahının olmasını nəzərə alaraq, vacibdir ki, üçüncü dünya müharibəsindən çəkinək”, – deyə Ş. Mişel qeyd edib.
Avropa Şurasının Prezidenti vurğulayıb ki, Ukraynanın uçuşa qadağan zona elan edilməsi Aİ-nin deyil, NATO-nun qəbul edəcəyi bir qərardır. O, əlavə edib ki, bu qərarın qəbul edilməsi vəziyyətin gərginləşdirilməsi istiqamətində daha bir addım ola və bu üçüncü dünya müharibəsinə səbəb ola bilər.
“Biz atəşkəsin mümkün qədər tez əldə edilməsi üçün Ukraynanı daha çox təchiz edirik”, – deyə Ş.Mişel bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski işğalın və şəhərlərin bombalanmasının qarşısını almaq məqsədi ilə NATO və digər qərb tərəfdaşlarından Ukraynanın uçuşa qadağan zona elan edilməsinə çağırıb. Onun çağırışı hələ ki, qəbul edilməyib.





