V Beynəlxalq Entoidman Forumunun açılış mərasimi keçirilib.
Elchi.az xəbər verir ki, “Ənənəvi idmanın dirçəldilməsi” adlı forumda Dünya Etnoidman Konfederasiyasına üzv olan 14 ölkədən 140 nümayəndə iştirak edir.
Tədbirin açılış mərasimində Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər yerli və xarici nümayəndələr iştirak edib.
Fərid Qayıbov konfederasiya sədri Bilal Ərdoğanı və digər qonaqları salamlayıb. O, bu cür böyük forumun Azərbaycanda keçirilməsinə güvəndikləri üçün təşəkkür edib.
Daha sonra mərasimdə iştirak edən Bilal Ərdoğan qonaqları salamlayaraq forum iştirakçılarına uğurlar arzu edib.
Qeyd edək ki, tədbir zamanı müxtəlif panel müzakirələri və IV Ənənəvi İdman Mükafatlandırma Mərasimi keçiriləcək.
Forum sabah da davam edəcək.






