Keçən il daşınmaz əmlak obyektlərinin inventarlaşdırılmasının aparılması məqsədi ilə Ağdam şəhərinin və rayonun 29 kəndinin, Füzuli şəhərinin və rayonun 134 kəndinin, Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin, eləcə də Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin ərazisində pilotsuz uçuş aparatları vasitəsi ilə ümumilikdə 18,9 min hektar sahədə aparılmış aerofotoçəkilişlər nəticəsində 20 min təsvir əldə edilib.
Elchi.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhatə dairəsi 30 km-lik radiusda və arasındakı məsafələr 50-60 km olan ümumilikdə 8 ədəd yeni AzPOS istinad stansiyalarının qurulması prosesi həyata keçirilib.
Həmin stansiyalar əsasında Azərbaycanın işğaldan azad edilən ərazilərində hüquqi və fiziki şəxslər tərəfindən ölçmə işləri həyata keçirilərkən santimetr dəqiqlikdə koordinatla təmin edilməsi mümkün olacaq.
Qeyd olunub ki, həmin ərazilər üzrə son işləri yekunlaşdıraraq AzPOS xidmətlərinin göstərilməsinə cari ildən başlanması nəzərdə tutulur.





