Prosesin əsas baş rol aktyoru icra başçısı Razim Məmmədovdur; o, indiyədək xeyli yaşıllığı məhv etdirib
yerini iş adamlarına satıb; İnqilab İsmayılov küçəsində 60 sot ərazinin 4.5 milyona satıldığı, bu məbləğdən daha üç yüksək mənsəbli məmurun pay götürdüyü haqda iddialar var
Artıq bir neçə gündür Xətai rayonu, İnqilab İsmayılov küçəsində ağacların kəsilməsi haqda məlumat gedir. Bu mövzuya “Yeni Müsavat” qəzeti də öz səhifələrində geniş yer ayırır. Sözügedən ünvanda gecəyarısı baş tutan “yaşıl soyqırım” barədə artıq aidiyyəti dövlət qurumları da xəbərdardırlar. Bu insanlıqdan kənar əmələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, həmin ərazidən deputat seçilmiş İqbal Ağazadə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi reaksiya bildirib. Ağac kəsintisi dayandırılıb, ərazidə BŞİH tərəfindən abadlıq işləri aparılır.
Xatırladaq ki, İnqilab İsmayılov küçəsi 3, 4 və 5-ci binalarının yaxınlığında 20-30 illik şam və küknar ağacları gecəyarısı kəsilirdi. Ağacları kəsib yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulurdu. Həmin ərazidə tikinti aparmaq üçün ağacları kəsdirən naxçıvanlı iş adamı İman Quliyevdir. Bu haqda virtualaz.org xəbər verib. Sayta məlum olub ki, İman Quliyev Naxçıvanın məşhur Qarabağlar kəndindəndir, hakim elitaya yaxın adamdır. O, iki nüfuzlu nazirlə qohumluq əlaqələrinə malikdir: “Mötəbər mənbələrin bildirdiyinə görə, İman Quliyev böyük kapitala malikdir və özünü nüfuzlu biznesmen kimi tanıdıb. Onun qardaşı Telman Quliyev isə Qax Rayon İcra Hakimiyyətinin başçısı işləyib”.
Xətai rayonu ərazisində tez-tez yaşıllıqların məhv edilərək yerlərinin satıldığı haqda mətbuatda xəbərlər dərc olunur. Bu işin arxasında rayonun rəhbəri Razim Məmmədovun dayandığı deyilir. İndiyədək R.Məmmədovun adı “yaşıl soyqırım” hadisəsində çox çəkilib. Bir qədər əvvəl M.Hadi küçəsində çoxillik şam və küknar ağacları da məhv edilərək yerləri ayrı-ayrı iş adamlarına satılmışdı. Deyilənə görə, R.Məmmədov Xətaidə torpağı sotla yox, kvadratmetrlə satır. Rayonda yerindən asılı olaraq bir kvadrat sahə 3-5 min manatadır.
“Yeni Müsavat”a daxil olan məlumata görə, İnqilab İsmayılov küçəsindəki həmin 60 sotluq ərazi 4,5 milyon manata satılıb. Mənbə bildirir ki, bu alverdən əldə olunan vəsaitdən təkcə Razim Məmmədov yox, BŞİH başçısı Hacıbala Abutalıbov, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da paylarını götürüblər. Çünki bu cür alqı-satqı işlərində, alınan və satılan ərazilərin sənədləşdirilməsində əsasən bu dörd qurumun və məmurun imzası, möhürü lazım olur.

Razim Məmmədovun rəhbərlik etdiyi rayonun sakinləri axşam yatıb səhər oyananda görürlər ki, həyətlərindəki yaşıllıq məhv edilib. Necə ki, İnqilab İsmayılov küçəsində bu cür olay yaşanmışdı. Ərazidə yaşayan sakinlər bu “yaşıl soyqırım”dan vaxtında xəbər tutaraq bu işi dayandırmağa müvəffəq olublar. Sakinlər yaşıllıq terrorçularının bəd əməllərinin qarşısını almaq üçün hətta gecələr yatmayıb ərazidə keşik çəkirdilər. İşi, vəzifəsi xalqa xidmət etmək olan məmurlar, əksinə, xalqa problem yaradırlar. Onların normal həyatını öz tamahkar əməlləri ilə pozurlar.
Yada salaq ki, bəşabəla icra başçısı 2013-cü ilin may və oktyabr aylarında da oxşar qanunsuzluğa yol verib.
“Yeni Müsavat” qəzetinin 05.04.2013-cü il tarixli sayında “Qəddar ağac kəsənlər və onların qoçusu. Ukrayna dairəsində 40 ilin yaşıllığı məhv edilir” başlıqlı yazı dərc olunub. Həmin yazıda qeyd edilir ki, Məhəmməd Hadi küçəsində olan ağaclar qırılır, ərazilər isə satılır.
Sakinlər deyirdilər ki, əslində tikinti aparılan ərazilər rayonun icra başçısı Razim Məmmədova məxsusdur. Amma icra başçısı başqa ad-soyadın arxasında gizlənir.
Həmin yazıdan sitat: “Xətainin icra başçısı Razim Məmmədov rəhbərlik etdiyi rayonda torpaq sahələrini sotla deyil, kvadrat metrlə satır. 1 kvadrat metr 3 min manatadır. İcra başçısı orada obyekt tikib kvadratını 7-8 min manata satacaq”.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə meşə fonduna aid olmayan ağac və kol əkimlərinin zədələnməsinə, kəsilməsinə və ya məhvinə görə fiziki şəxslər 2200 manatdan 2500 manatadək, vəzifəli şəxslər 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar. İXM-in 92.3.1 maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqlar məhv edildikdə hər bir ağac və kolun zədələnməsinə, məhvinə görə fiziki şəxslər 1200 manatdan 1500 manata kimi, vəzifəli şəxslər 3500 manatdan 4400 manata kimi, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimələnirlər.

İnqilab İsmayılov küçəsindəki “yaşıl soyqırım”la bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələni araşdırıblar və sözügedən ünvanda ağacları kəsdiyinə görə Quliyev Araz İman oğlunu 19 min 200 manat məbləğində cərimə ediblər.
Bu cərimənin Razim Məmmədova təsir edəcəyini düşünmək belə sadəcə gülməlidir. 4,5 milyon manat qarşılığında bu rəqəm hansısa “semiçka” pulu kimi görünür.
Mövzunu davam etdirəcəyik.
Yazıda adları hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
E.HÜSEYNOV