“Tarixdə heç kim və heç nə unudulmur. 1918-ci ilin Mart soyqırımı Bakı şəhərində və müxtəlif bölgələrimizdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları ehtiva edir. Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Elchi.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var.
“1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər – 250 mindən artıq azərbaycanlınin Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur”.
A.Paşazadə qeyd edib ki, bütövlükdə, 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşayıb:
“Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı dini konfessiyalarla birgə dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara illərdir etdiyi müraciətlərdə Azərbaycan xalqına qarşı tərədilmiş ədalətsizliklərə tarixi qiymət verilməsinə, törədilmiş hadisələrin bütöv xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu il də birgə Müraciətimizi məqamlarına ünvanlamışıq, mətbuat vasitəsilə və Xarici İşlər Nazirliyi xəttilə dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Soyqırımı kimi bəşəri cinayətlərin bir daha heç vaxt təkrarlanmaması üçün bu müraciətlər, ədalətin bərqərarı olduqca vacibdir”.
Şeyxülislam qeyd edib ki, zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, maddi və mənəvi terroru gerçəkləşdirmiş erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər:
“Lakin dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. YUNESKO mütəxəssislərinin səfəri ertələnir. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbirstanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edir. Bu, Azərbaycana qarşı uzun illər davam etmiş ikili yanaşmanın daha bir mənfur nümunəsidir. Avropa Parlamentinin 10 mart tarixində Azərbaycanla bağlı qəbul etdiyi, təmamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik, ədalətin pozulmasıdır. Dünya ictimaiyyətinin Azərbaycanın haqlı iddialarını – deməli ədaləti dəstəkləyən dövlət və beynəlxalq qurumlarına təşəkkürümüzü bildirməyi özümüzə borc bilirik. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən tədbirində Ermənistanın Azərbaycana təcavüzünə dair qəbul edilmiş 4 qətnamə – bütün dünya üçün bəşəri ədalət nümunəsidir” – QMİ sədri deyib.





