Nazirlər Kabineti “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.
Elchi.az xəbər verir ki, bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə biləcək.
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.
İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.
Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarət idi.
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Cəmiyyətin strukturunu, aparatının işçilərinin say həddi və xərclər smetası barədə təkliflərini hazırlayır və təsdiq edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Cəmiyyət mühasibat uçotunu təşkil edir, tabeliyində olan qurumların rüblük və illik maliyyə hesabatlarına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxır, icmallaşdırır və təsdiq edir, həmçinin illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir və təsdiq olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Cəmiyyətin filial və nümayəndəliklərinin, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edəcək.
Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.





