Ukrayna Prezidenti Vladimir Zelenski praktiki məsələləri, o cümlədən silah təchizatını müzakirə etmək üçün Almaniya Kansleri Olaf Şoltsun Kiyevə səfərini gözləyir.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Almaniyanın ZDF telekanalına bildirib.
“Prezidentimiz Kanslerin dərhal praktiki qərarlar qəbul etməsini, o cümlədən silahların çatdırılmasını gözləyir. Xüsusən də Mariupolun və ölkənin şərqindəki əhalinin taleyi hələ gəlib çıxmayan alman silahlarından asılıdır”, – Arestoviç vurğulayıb.
Bununla belə, o qeyd edib ki, Berlin əvvəlcə silahlarla bağlı imtina edib, lakin sonra ağır silahların tədarükünə dair müzakirələrə qədər irəliləyiş əldə edilib: “Bununla belə, vaxt daralır, çünki hər dəqiqə tank gəlmir, bizim uşaqlarımız ölür, təcavüzə məruz qalır, öldürülür”.
Xatırladaq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer digər Aİ liderləri ilə Ukraynaya səfər etməyi təklif etdiyini, lakin Kiyevin onun xoş qarşılanmayacağı barədə xəbər göndərdiyini bildirib. Ukraynanın bu addımı Almaniyada diplomatik təhqir kimi qiymətləndirilib.
Arestoviç Almaniya ictimai televiziyasına deyib ki, Zelenskinin məqsədi Berlini təhqir etmək olmayıb.





