Bu gün Qubada “Media şəhidləri” parkında ötən il Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan jurnalist Məhərrəm İbrahimovun xatirəsi anılıb.
Elchi.az-ın məlumata görə, şəhid jurnalistin 40 yaşının tamam olması münasibətilə keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Məhərrəm İbrahimovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və media təmsilçiləri iştirak edib.
Tədbir iştirakçıları şəhid media nümayəndələrinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın media əməkdaşları şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. “Media şəhidləri” parkında erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi əbədiləşdirilib.
Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov və bacısı Sevda Əsgərova çıxış edərək anım mərasimin təşkilatçılarına təşəkkür ediblər.
Tədbirdə Məhərrəm İbrahimovun şərəfli ömür yolu və jurnalistika fəaliyyəti barədə ətraflı məlumat verilib. Şəhid jurnalistin oğlu Uğur İbrahimov atasına həsr olunan şeir səsləndirib.
Mərasimin sonunda Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb, tədbir iştirakçıları “Media şəhidləri” parkı ilə tanış olublar.






