Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə görüşəcək.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan aprelin 19-20-də Rusiyada rəsmi səfərdə olacaq.
Vladimir Putinlə danışıqların gündəliyinə iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin inkişafı məsələsi daxildir. Müzakirə mövzularından biri Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının icrası olacaq.
Putinlə danışıqlardan əlavə, Paşinyanın baş nazir Mixail Mişustin, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşləri planlaşdırılır.
Ermənistanın baş nazirinin Nijni Novqoroda səfəri də nəzərdə tutulub.
Bundan əvvəl Kremldə Putin-Paşinyan görüşünün gündəliyi barədə məlumat verilmişdi.




