Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:
- -Bir neçə gün əvvəl “Facebook” səhifənizdə yazmısız: “Prezident Zelenski Azərbaycanın Ukraynaya yardımından danışarkən, bunu 2020-ci ildə bizə göstərdiyi “yardım”la müqayisə etsəydi, düzgün olardı. Sülh çağırışından başqa heç nə xatırlamıram. Kimsə bu barədə nəsə bilir?”
Sizin prizmanızdan baxsaq, 44 günlük müharibə dövründə postosvet məkanında Azərbaycana yardım göstərməyən bir çox dövlət var. Hazırda Ukrayna müharibəsindən başqa bəzi respublikalar, məsələn, Moldova Rusiya təcavüzü ilə üzləşmə riski altındadır. Bu baş verərsə, həmin ölkələrə də Sizin məntiqinizlə yardım göstərmədiklərini xatırlatmalıyıq?
- -Bu məsələyə münasibətim çox sadədir. Həm Ukrayna rəhbərliyi, həm də Zelenskinin özü belə bir fikir səsləndirir ki, guya Azərbaycan, Gürcüstan, Moldova və s. yerlərdə yeni cəbhələr açıla bilər. Onların marağı bundan ibarətdir ki, Rusiya Ukraynaya təzyiqlərini azaltsın. Çünki bu, onların xeyrinədir. Mən isə hesab edirəm ki, bu cür bəyanatlar və sosial şəbəkələrdə xüsusi qrupların bu istiqamətdə təbliğatı Azərbaycanın maraqlarına uyğun deyil. Çünki bu, Azərbaycanın apardığı müharibə deyil.
Azərbaycan bu məsələdə, ilk növbədə, öz maraqlarını qorumalıdır. Məhz buna görə də belə bir paylaşım etdim ki, bizə nə qədər kömək ediblərsə, biz ondan da artığını etmişik.
Zelenskinin fikirləri yersizdir. Mən belə düşünürəm, çünki Zelenski siyasi davranışdan və diplomatik etikadan kənar fikirlər səsləndirib.
- Yeni dünya nizamının yaranması fikri artıq hər yerdə səsləndirilir. Dünyanı iki yerə böləcək tərəflər də bəllidir: ABŞ-la Avropa və Rusiya ilə Çin. Azərbaycan bu “yarımkürələr”in hansında yer almalıdır?
- Birincisi, bu tip hadisələr tarixdə dəfələrlə baş verib. Məsələn, Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, daha sonra buna bənzər qarşıdurmalar zamanı və s. “Soyuq müharibə” deyilən dövrdə fövqəldövlətlər birbaşa toqquşmurdular. Hansısa üçüncü ölkələrin vasitəsilə hansısa qüvvələr bir-birilərinə qarşı çıxarırdı. Vyetnam, Əfqanıstan, Anqola, Koreya və s. buna misaldır. İndi də həmin vəziyyət təkrarlanır.
Humanitar baxımından hamımız başa düşürük ki, Ukrayna xalqı hərbi təcavüzə məruz qalıb. Amma bu, Ukraynaya aid olan bir vəziyyətdir. Bunun məsuliyyətini Rusiya siyasi elitası ilə yanaşı, qismən də Ukrayna siyasi elitası daşıyır. Bu baxımdan, bu, bir daha qeyd edirəm ki, bu, bizim müharibə deyil.
Taktika ondan ibarət olmalıdır ki, xoşniyyətli xidmətlər göstərək. Əgər hər hansı danışıqlar və yaxud da hansısa qaşrıdurmanın qarşısını almaq Azərbaycandan asılıdırsa, bunu edək. Amma Azərbaycan əsgəri münaqişənin birbaşa iştirakçısı olmamalıdır.
Bizi öz tərəflərinə çəkmək istəyən qüvvələr isə burada sadəcə öz maraqlarını güdür. Buna yol vermək olmaz. 44 günlük müharibə 2020-ci ildə olub, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni yerinə yetirib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, amma problemlər qalıb və onu öz gücümüzlə tam şəkildə həll edəcəyik. Bizə artıq problemlər lazım deyil. Kiminsə xeyrinə ikinci, ya da üçüncü cəbhə olmağın tərəfdarı deyiləm. İstəmirəm ki, Azərbaycan əsgəri bu müharibədə şəhid olsun.
Bir məsələyə də toxunmaq istəyirəm. Ukraynada qarşıdurma Qərblə Rusiya arasında gedir. Bu qüvvələrin tərəfdarları bizim cəmiyyətdə də mövcuddur. Bu oyunu kimin oynaması da görünür, amma mən onların hamısına demək istəyirəm: Azərbaycanın xeyirinə fəaliyyət göstərin. Ona görə də, sosial şəbəkələrdə özünü ukraynalılardan da çox ukraynapərəst göstərmək bir az gülüncdür.
Başa düşürük ki, bu insanlar hansısa qüvvələrin idarə etdiyi şəbəkədir. Amma onlar öz maraqlarını güdərkən, Azərbaycan dövlətini niyə çətin vəziyyətə salırlar?!
- Şəxsi baxışınızda bu müharibədən sonra dünyanın gələcəyi necə görünür?
- Qərb maraqlıydı ki, Rusiya bu savaşa bu və ya digər şəkildə cəlb olunsun və bu da baş verdi. Təbii ki, Rusiyanın da tənqid olunacaq hərəkətləri var. Lakin bəllidir ki, artıq Ukrayna əsgərinin əli ilə Qərb Rusiyanı zəiflədir. Bu proses davamlı olacaq, amma ilkin mərhələdə əminəm ki, bir müddətdən sonra danışıqlar baş tutacaq.
Qüvvələrin nisbəti onu göstərir ki, tam qələbəni çalma hələ heç bir tərəfə müəssər olmayıb. İlk növbədə, Ukraynanın zəifliyi artıq görünür. Hansısa mərhələdə Volodimir Zelenski məcbur olacaq ki, kompromislərə getsin. Biz 1994-cü ildə müvəqqəti atəşkəs rejimini əldə edə bildiksə, onlar da təxminən buna bənzər bir razılaşma əldə edəcək, amma qarşıdurma olacaq. İmkan verməzlər qarşıdurma qurtarsın. Bu qarşıdurma isə uzun müddətli, bəzən müharibə şəklində, bəzən də daimi gərginlik şəklində özünü göstərəcək.






