AzNews.az xəbər verir ki, bu haqda məlumatı İŞİD-ə yaxın olan mənbələr yayıb.
Bu gün mövzuyla bağlı fləş bir xəbər yayılıb. İŞİD-ə yaxın mənbələr Bağdadinin öldüyünü açıqlayıb.
İŞİD-ə məxsus olan Twitter hesabında bu haqda belə yazılıb: “Əbubəkr əl-Bağdadinin öldürülməsiylə ilə bağlı detalları açıqlayacağıq və qısa müddətdə İslam Dövləti üçün yeni bir xilafət namizədi tapacağıq”.
ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Steven Warren isə İraqda hava hücumunda yaralandığı bildirilən terror təşkilatı İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin öldüyü xəbərini təsdiq etməyib: “Bağdadi ilə bağlı son məlumata sahib deyilik”.
Qeyd edək ki, İraq və Suriyanın bir çox torpaqlarını ələ keçirən İŞİD-in lideri Əbubəkr əl-Bağdadi ABŞ tabeliyində olan koalisiya qüvvələrinin hava hücumu zamanı yaralandığı ortaya çıxmışdı (Aznews.az).
Onu da əlavə edək ki, bu ranqda olan odioz şəxslərin öldürülməsi və ya həlak olması ilə bağlı xəbərlər həmişə ilk dəfədən təsdiqlənmir. Onların barəsində “öldü” xəbərləri bir neçə dəfə yayılır və təsdiqlənmir. Sonradan onlar gerçəkdən ölsələr belə, uzun müddət yenə də ona inanmayanlar çox olur.
Əl-Bağdadi ilə bağlı da belə oldu. Yəqin ki, yenə də onun ölümünə ən qatı tərəfdarları ilə yanaşı, ən qatı düşmənləri də inanmayacaqlar. Birincilər onu ölməz hesab etdikləri üçün inanmayacaqlar, ikincilər isə bunun növbəti maskalanmaq, gizlənmək cəhdi olduğunu düşünəcəklər.
Ancaq bu, müharibənin qaydasıdır, döyüşən bir gün ölə bilər. Əl-Bağdadi də su yolunda işləyən sənək idi, bir gün qırılması gözlənilən idi.




