Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Üçtərəfli formatda danışıqlar sonuncu dəfə aprelin 6-da baş tutub.

Məlum görüş barədə fikirlərini Elchi.az-la bölüşən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Ermənistan köhnə siyasətini yeni şəraitdə davam etdirir:
“Artıq mənzərə tam aydındır. Ermənistan Azərbaycana olan ərazi iddialarından vaz keçməyib. Ona görə də inanmıram ki, Brüsseldə və ya başqa paytaxtda baş tutan görüş zamanı Ermənistanın siyasəti dəyişəcək. Ortaya belə bir sual çıxır: Bəs, Azərbaycan nə üçün bu görüşə qatılır? Cavab isə çox sadədir. Çünki Azərbaycan Brüssel və Avropa İttifaqı kimi nüfuzlu, həmçinin siyasi meydanda Ermənistanın ikiüzlü siyasətini ifşa etmək istəyir. Artıq Ermənistanın cavabından da bilinir ki, onlar 1988-ci ildən başlamış və indiyə qədər davam edən siyasətlərindən əl çəkmək niyyətində deyillər. Bu baxımdan Azərbaycan Prezidenti Brüsselə getməklə rəsmi İrəvanın ikiüzlüyünü ifşa etmək istəyir”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin Rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, görüş zamanı kommunikasiyaların açılması, Naxçıvan ərazisindən keçəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi müzakirə olunacaq:
“Bütün bunlar üçün çox məbləğ-200 milyon dollar lazımdır. Heç bir tərəf-nə Türkiyə, nə Rusiya, nə də Azərbaycan bu pulu verməz. Ermənistanın da kasıb ölkə olduğunu nəzərə alsaq, bu pulu verəcək yalnız bir mərkəz var: O da Avropa İttifaqıdır (Aİ). Aİ iqtisadi rıçaqlarla Qafqaza gəlmək, təsir imkanlarını genişləndirmək istəyir. Məhz iqtisadi məzmun olan Azərbaycan-Ermənistan prezidentlərinin görüşününü təşəbbüskarının da Aİ-nın olması buradan qaynaqlanır. Uzun müddət davam edən görüşlər, sülh müqaviləsinə yönəlik atılan addımlar bəhrə vermədikcə regionda əlavə aktorlar peyda olur və ümumi prosesə ciddi zərbə vururlar. Ona görə də təcili şəkildə bunun qarşısını almaq lazımdır. Bu da Aİ-nın artıq həlledici addım atmasını şərtləndirir”.
Yeganə





