24 Noyabr 2014-cü il tarixində Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının ofis-qərərgahında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012-ci ildə açıqlanmış diplomların “QARA SİYAHI”sı və bundan sonrakı proseslərlə bağlı toplantı keçirib.
Məlumat üçün bildirək ki, TQDK 2012-ci ildə 22 323 nəfərin diplomunun şübhəli olması ilə bağlı açılqma vermişdi. Həmin açılamada qeyd olunurdu ki, “qara siyahı”ya salınan diplomlar Universitetlərə TQDK tərəfindən keçirilən test imtahanları ilə deyil, Təhsil Nazirliyinin razılığı ilə qəbul olunublar. Maraqlıdır ki, TQDK rəsmiləri açıqlamalarında sözügüdən diplomların SAXTA olub-olmadığını dəqiqləşdirmədiklərini bildirmişdilər. Onların sözlərinə görə, “qara siyahı”ya salınan diplomlar Təhsil Nazirliyi tərəfindən verildiyi üçün onlara “saxta” demək doğru olmaz.
VHMN Müdafiə Təşkilatının təşkil etdiyi toplantıda bu məqama toxunularaq qeyd olunub ki, TQDK-nın bu qədər ciddi məsələdə bilərəkdən Təhsil Nazirliyinə güzəştə getməsi, qanunsuz yollarla əldə edilmiş diplomların aşkarlanmasından sonra heç bir tədbir görülməməsi yolverilməz haldır.
Tədbirdə həmçinin təhsil nazirinin müavini Qulu Novruzovun həmin ərəfədə verdiyi açıqlamasına da toxunulub. Xatırladaq nazir müavini TQDK sədri Məleykə Abbaszadənin məlum açıqlamasından sonra ölkə mətbuatına “qara siyahı”ya salınan diplomların hər birinin qanunu olduğunu bildirib. Onun iddiasına görə, TQDK-nın aşkarladığı və “qanunsuz” adlandırdığı diplomların əksəriyyəti xarici ölkələrin müxtəlif universitetlərindən köçürmə yolu ilə Azərbaycana gələn tələbələr tərəfində qanuni şəkildə əldə olunub.
Bundan başqa “2004-cü ilə qədər TQDK ilə birlikdə universitetlər də müstəqil şəkildə tələbə qəbulu həyata keçirib və həmin zaman ali məktəblərə qəbul olan şəxslər də TQDK-nın tərtib etdiyi “qara siyahı”ya daxil edilib” deyən nazir müavininin TQDK-nın məlum açıqlamasını nüfuzdan salmağa çalışdığı xüsusi vurğulanıb.
Tədbir iştirakçıları sadalanan məqamları dinlədikdən sonra əksər hallarda müxtəlif xarici ölkələrin universitetlərinə naməlum yollarla qəbul olunan və daha sonra köçürmə yolu ilə Azərbaycan universitetlərinə köçürülən tələbələrə Təhsil Nazirliyi tərəfindən verilən qeyri-qanuni diplomlara da toxunublar. Onlar bildiriblər ki, təhsil nazirinin müavini cənab Q. Novruzov həmin açıqlamanı verən zaman səmimi olmayıb. Çünki artıq Azərbaycanda hamıya məlumdur ki, xarici ölkələrə təhsil almaq adı ilə üz tutan əksər vətəndaşlarımız daha sonra qeyri-qanuni yollarla Azərbaycan universitetlərinə köçürüləcəklərinə əmin olduqdan sonra bu yola baş vururlar.
Tədbir iştirakçıları həmçinin xatırladıblar ki, Azərbaycan qanunvericiliyinə görə xarici ölkələrdən, eləcə də Azərbaycan daxilində tələbə köçürülməsi yolverilməzdir. Belə olan təqdirdə Təhsil Nazirliyinin məlum açıqlamanı verməsi ictimai rəyi çaşdırmağa hesablanıb.
Daha sonra tədbir iştirakçıları TQDK sədri ilə həmin dönəmlərdə TN-ə rəhbərlik edən Misir Mərdanov arasında şiddətlənən “soyuq savaş”ın da məsələyə təsir edən faktor olduğu qənatənində olduqlarını ifadə ediblər. Səslənən fikirlər arasında iki dövlət qurumu arasında gedən saxta rəqabətin əslində qeyri-qanuni yollarla əldə olunan diplomların aşkarlanmasına deyil, bu faktdan məqsədyönlü şəkildə istifadə etməyə hesablandığı fikrini xüsusi olaraq qabardılıb.
Tədbirin sonunda iştirakçılar TQDK və Təhsil Nazirliyindən, xüsusilə də nazir Mikayıl Cabbarovdan sözügedən məsələyə yenidən qayıtmağı, Azərbaycan təhsil sisteminin üzləşdiyi bu problemlə yaxından məşğul olmağı, saxta diplom biznesinə rəvac verən rektorların aşkarlanaraq cəzalandırılmasının zəruriliyini xatırladan bəyənnamə qəbul ediblər.
VHMN Müdafiə Təşkilatının Mətbuat Xidməti



