Bu ilin aprel ayında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən onlayn şəkildə satışa çıxarılan güzəştli mənzillərin əldə edilməsi prosesi ciddi problemlərlə yadda qaldı. Xatırlatmaq yerinə düşər ki, iddiaçıların satışdan öncə onlayn satışla bağlı proseduru test etməsi üçün bir ay müddətində DEMO versiya aktivləşdirildi. Buna baxmayaraq, güzəştli şərtlərlə mənzilə sahib olmaq istəyən şəxslər üçün bu, heç də asan deyil, bəziləri üçün isə sadəcə mümkünsüz oldu. Prosedur zamanı olduqca diqqətçəkən məqamlardan biri də güzəştli evlərinsatışının cəmi 4 saniyə içərisində gerçəkləşməsi idi. Güzəştli mənzilləri əldə edə bilməyən vətəndaşlar hələ də iddia edirlər ki, sistemə kənar müdaxilələr olur. Onların sözlərinə görə, məhz buna görə də əvvəlcədən müəyyən edilmiş şəxslərdən başqa hər kəs sistemə giriş imkanlarından məhrum olur.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarılıb. MİDA-dan bildirilib ki, mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat11:00-a qədər davam edəcək.
İndi də güzəştli mənzilə sahib olmaq istəyən vətəndaşları düşündürən əsas məqamlardan biri sistemin nə qədər etibarlı olub-olmaması ilə bağlıdır…
Sorğumuza cavab olaraq MİDA-dan Elchi.az-a verilən açıqlamaya görə, Prezidentin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək:
“Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa
malikdir.
Qeyd edək ki, ötən müddət ərzində “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi işi həyata keçirilmiş və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə 15 – 22 sentyabr 2022-ci il tarixində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilmişdir. Bununla da güzəştli mənzil əldə etmək istəyən vətəndaşlar tərəfindən seçimin bərabər şəraitdə, etibarlı, təhlükəsiz və şəffaf şəkildə reallaşdırılması təmin ediləcəkdir.
Vətəndaşlara tövsiyə olunur ki, mənzil seçimini yalnız özləri həyata keçirsinlər və xüsusi proqramlardan və ya proqramistlərin köməyindən istifadə etməsinlər”.
Yeganə




