“Təsadüfi deyil ki, bu gün Azərbaycanda rep və meyxana kimi kütləvi küçə “sənətləri” populyarlaşdırılandan sonra ölkədə gənclərin, yeniyetmələrin kütləvi şəkildə narkomaniyaya, küçə xuliqanlığına meyillənməsində də acınacaqlı dərəcədə artım müşahidə olunmaqdadır”.
Elchi.az xəbər verir ki, bu barədə publisist-şair Aqşin Yenisey Feysbuk hesabında qeyd edib.
“Vaxtilə xristianlıq kasıblardan, yoxsullardan zənginlərə, imperatorlara yoluxduğu, elitarlaşdığı kimi, bu gün Azərbaycanda kütləviləşən meyxana, rep “sənətinin” özünün düşünmək, analiz etmək, nəticə çıxarmaq bacarığı tələb etməyən dılğır mövzuları ilə bərabərində gətirdiyi narkomaniya da aşağılardan yuxarılara, küçələrdən imarətlərə, piyada ayaqlardan bahalı təkərlərə yoluxur, elitarlaşır. Narkotik aludəçiliyi ilk növbədə insan iradəsini məhv edir, özünəinamsızlıq mühiti formalaşdırır, bu da kənar iradəyə tapınma ehtiyacı yaradır. Bu kənar iradə sahibi isə ən yaxşı halda allah, ən pis halda onun yerdəki dəllalları, kölgələri olur.
Məsələn, dinçi Hasan Sabbah öz fədailərini, irqçi Hitler öz əsgərlərini ölümə göndərmək üçün narkotikin bu “gücündən” istifadə edirdi…”.





